Əsas məzmuna keç

Qəzəl

Arxanca kölgə olmaq fəxrimdir, ey səmənbər

Məhəmməd Füzuli

1

Arxanca kölgə olmaq fəxrimdir, ey səmənbər, Ta səcdəgahım olsun sən gəzdiyin o yerlər.

Nə var mənim tək aşiq, nə yar dilbərim tək, Mən bir bəlakeş aşiq, o dilbəri-sitəmkər.

Gördükdə gül camalın hər cövrə tabe oldum, Aydındır ol şükufə axır nə cür verər bər.

Sən qönçə tək gülərsən, mən ağlaram bulut tək, Sən gülməyinlə dilşad, mən ağlamaqla müztər.

Vardır əlində xəncər, ləlində şəhdi-rahət, Ya canım al, xilas et, ya arizumu göstər.

Canım səhifəsində qəlbimdən ad yox idi, Ol gün ki, ruzim oldu xuni-dilim müqərrər.

Keçdi ömür, Füzuli, dünya evində hərgiz, Səhman tapar nə bir iş, nə kam olar müyəssər.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.