Arizin görsə fələk, mehr buraxmaz ayə
Arizin görsə fələk, mehr buraxmaz ayə, Zərrə-zərrə qılıb onu buraxar səhrayə.
Ləblərin əksin alıb, bağə girər hər dəm su, Rəşkdən qan içirir bərgi-güli-rə’nayə.
Yeridir əksinə ayinə dəmir bənd ursa, Nə üçün qarşı durur sən kimi bihəmtayə.
Bulduğu yerdə həsəddən gün urar sayənə tiğ Ki, rəfiq olmaya sən mahi-mələksimayə.
Oxa peykan dikilir qəmzən üçün peyvəstə, Toxunur tə’nə oxu qaşın ucundan yayə.
Lə’li-nabın sifəti şəhdi-müsəffadır, leyk Acı etmiş onu səfrayi-həsəd səhbayə.
Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb, Necə meyl etmək olur sən kimi bir rüsvayə.
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Rəşk – həsəd, qısqanmaq; Bərg – yarpaq; Peykan – ox; Müsəffa – durulmuş, saflaşmış