Allah-Allah, nə can, nə dilbərsən?!
Allah-Allah, nə can, nə dilbərsən?! Allah-Allah, nə bəhri-gövhərsən?!
Yerü gög rövşən oldu üzündən, Ey uca ay, nə şəmsi-xavərsən?!
Səlsəbil əsrimiş dodağından, Əcəb, ey can, nə abi-kövsərsən?!
Müşkü ənbər saçından utandı, Canfəza müşk, tazə ənbərsən!
Surətin hüsn içində vahiddir, Sən bu tövhid üçün müqərrərsən!
Günəş eylər üzün qatında sücud, Şol səbəbdən kim, andan ənvərsən!
Günü ayı gətirdi çərxə rüxun Ey oyunçu qəmər, xoş oynərsən!
Qamətindən qiyamət oldu zühur, Ey hesabın günü, nə məhşərsən?!
Naim oldu səninlə ləmyəzəli, Kim ki bildi ki, sən nə cövhərsən!
Ey siyam əhlinə üzün ulu eyd, Ərşi-rəhmanü eydi-əkbərsən!
Müshəfin ayəti otuz ikidir, Cavidannamə, sən nə dəftərsən?!
Şəkərin dadını gedirdi ləbin, Allah-Allah, nə dadlu şəkkərsən?!
Ey Nəsimi, cahanı tutdu sözün, Övnəkəllah ki, şahi-kişvərsən!
Lüğət: Bəhr – Dəniz; Rövşən – İşıqlı; Tövhid – Birlik; Şol – O; Qəmər – Ay; Ləmyəzəl – Əbədi, ölməz; Siyam – Orucluq; Eyd – Bayram; Müshəf – Kitab