Aləmi qıldı münəvvər, şol üzü mahı görün
Aləmi qıldı münəvvər, şol üzü mahı görün, Qüdrətüllahdır camalı, qüdrətüllahı görün!
Xubların şahı əzəldən şol sənəmdir ta əbəd, Dövləti-hüsnü müxəlləd xublara şahı görün!
“Mö’minin mir’atı mö’mindir”, dedi Xeyrülbəşər, Güzgüyi-safi dutun, güzgüdə Allahı görün!
Zahidin mətlubu cənnət, aşiqin məqsudu yar, Rahı anın həqmidir, ya aşiqin rahı, görün?
Razımı faş etdi ahım, aləmə çaxdı məni, Aşiqi risva qılan şol pərdədər ahı görün!
Xaki-dərgahından oldu hər bəsirətlü bəsir, Ey nəzər əhli, gəlin şol xaki-dərgahı görün!
Zülf ilə rüxsarını hər kimsə kim, gördü, dedi: Şam ilə bir yerdə cəm olmuş səhərgahı görün!
Piri-Kən’anın əzizi, Misri-hüsnün Yusifi, Üzünə baxın, zənəxdadındakı çahı görün!
Gözləri, qaşı, rüxü, zülfü çəridir hüsnünə, Ləşkəri yəğmaçı şol fəttan şəhənşahı görün!
Ənbərəfşan cə’di-zülfün arzular könlüm anın, Şol uzun əndişəyə bu dəsti-kutahı görün!
Dilbərin yolunda xak oldu Nəsiminin adı, Həqqə minnət, şol fəqirin həşmətü cahı görün!
Lüğət: Münəvvər – Nurlu; Şol – O; Mir – Ağa; Çəri – Qoşun D; Ləşkər – Qoşun; Ənbərəfşan – Ənbər saçan; Əndişə – Fikir; Xak – Torpaq; Fəqir – Yoxsul