Əsas məzmuna keç

Qəzəl

Aləmi-eşq içrə cananın sevən can istəməz

Seyid Əzim Şirvani

1

Aləmi-eşq içrə cananın sevən can istəməz, Bak edən canü dilindən vəsli-canan istəməz.

Zülməti-zülfündə dil xurşidə etməz iltifat, Maili-ləlin olan kəs abi-heyvan istəməz.

Mülki-dünya aqibət bərbad olur, ey huşyar! Murcə əqli olan mülki-Süleyman istəməz.

Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan, Xardən eylər həzər, seyri-gülüstan istəməz.

Gözlərin rövşən edən şəmi-rüxündən, ey pəri, Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz.

İstəməz aşiq ki, xət tutsun üzari-dilbəri, Eşqdə kamil olan, ol mahə nöqsan istəməz.

Sinədən peykanların çəkmə, dili etmə xərab, Padşahi-adil öz mülkünü viran istəməz.

Ey təbib, əl çək əlacımdan, məni incitmə çox, Aşiqi-sadiq olan dərdinə dərman istəməz.

Bəs nədən rüxsarına zülfün pərişan etdi yar, Gər bu qarəgünləri zarü pərişan istəməz.

Seyyida, sən eylə daim şahi-mərdan vəsfini, Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.