Əsas məzmuna keç

Qəzəl

Aləmdə bu gun sənciləyin yar kimin var?

İmadəddin Nəsimi

1

Aləmdə bu gun sənciləyin yar kimin var? Gər var desən, yox deməzəm, var, kimin var?

Dildari-məcazi bulunur aşiqə yüz min, Bənzər sana təhqiqdə dildar kimin var?

Tatara saçın tozunu tüccar ilə göndər, Ta kim, bilələr nafeyi-tatar kimin var.

Ey buncuğu dürdanə sanan, gövhərini bil, Ta kim biləsən lö’löi-şəhvar kimin var?

Əyyar kimi türrəsi məndən könül aldı, Şol türrə kimi dilbəri-əyyar kimin var?

Məhbub qəmər üzlü, boyu sidrə ögüşdür, Yanaqları gül, lə’li şəkərbar, kimin var?

Eşqin qəminə eyləmişəm könlümü məxzən, Bir mənciləyin məxzəni-əsrar kimin var?

Gərçi gecəsi mətləül-ənvardır anın, Zülfü kimi bir mətləül-ənvar kimin var?

Ey nisbət edən üzünü gülzar ilə bağa, Üzütək anın gülşənü gülzar kimin var?

Isbat edərəm daim ənəlhəqqimi həqdən, Bir mənciləyin aşiqi-bərdar kimin var?

Can ilə cahan yara fəda qıldı Nəsimi, Anın kimi bir yari-vəfadar kimin var?

Lüğət: Əyyar – Zirək, hiyləgər; Şol – O; Qəmər – Ay; Sidrə – Lotos; Məxzən – Xəzinələr; Əsrar – Sirlər; Ənvar – Nurlar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.