Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana
Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana, Can səninlə getdi, ismi-natəvan qaldı mana.
Taki sən getdin yanımdan, ey dilaramım mənim, Haləti-vəslin könüldə pasiban qaldı mana.
Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim, Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.
Gər nihan oldu gözümdən ol pəri peykər sənəm, Gögdə mah onun yüzündən bir nişan qaldı mana.
Taki səndən ayrı düşdi bu Xətayi xəstə dil, Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana.
Lüğət: Natəvan – gücsüz; Dilaram – ürək dincliyi, gözəl; Vəsl – qovuşmaq; Pasiban – gözətçi; Mehr – günəş; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Nihan – gizli; Mah – ay; Dil – ürək