Ah kim, saldı fələk min qəmi-hicranə məni
Ah kim, saldı fələk min qəmi-hicranə məni, Qoydu həsrət gözəlim vəsləti-cananə məni.
Xanımanımdan ayırdı məni zülmilə ədu, Az qalıbdır bu fəraq eyləyə divanə məni.
Nə günah etmiş idim, bilmirəm aya, nə üçün, Çəkdilər məhkəməyə ah... zəlilanə məni.
Satma vicdanı dedim, söyləmə nahaq, şahid Gəlmərəm, eyləmə dəvət dedi, imanə məni.
Nabələdmiş demə hakim də ədalət yoluna, Sürdü zülmət gecələr kuhü biyabanə məni.
Beş il azadəliyi hökm haram etdi mənə, Atdılar, həbs edərək guşəi-zindanə məni.
Aşinalar biliniz halımı, imdadə yetin, Öldürər yoxsa bu qəmxanədə, biganə məni.
Səbr qıl, səbr, Şəfai ki, yaman gün az olur, Çəkər ağuşuna bir gün, yenə meyxanə məni.