Hesablaşmır
Söz ürəyi yandıranda dil dodaqla hesablaşmır, Sellər çəkəndə nərəni, çay yataqla hesablaşmır!
Qəzəb qılınc oynadanda səbir ilə hesablaşmır, İnsan onda qorxu ilə, qəbir ilə hesablaşmır!
Dolu ürək, dolu könül boş həvəslə hesablaşmır, Qartal üçün göylər gərək, dar qəfəslə hesablaşmır!
Sürgün ilə, həsrət ilə, hicran ilə hesablaşmır! Əllər dönüb yumruq olur, zindan ilə hesablaşmır!
Arzu, dilək daş hasarla, dəmir sədlə hesablaşmır, Nə tikanlı məftil ilə, nə sərhədlə hesablaşmır!
Hər xainlə, hər satqınla, hər alçaqla hesablaşmır, Xalqın adı – haqqın adı, haqq nahaqla hesablaşmır!