Gedir
Vaxt deyilən axar sudu, dayanmağı, durmağı yox, Düşür axşam, gəlir gecə, sökülür dan, keçib-gedir.
İnsan ulu, insan böyük, çiyinlərdə dağ boyda yük, Haqq yolunda igid başdan, oğul candan keçib-gedir.
Qanın yoxsa, ruhun yoxdur, ruhun yoxsa, özün yoxsan, Coşub-daşan duyğuların yolu qandan keçib-gedir.
Qəm yeriyir axın-axın, istədiyin gəlmir yaxın, Kədər qalır içəridə, sevinc yandan keçib-gedir.
Ağzıgöyçək deməsin ki, dünya onun nə vecinə, Bu dünyanın hər ağrısı Zəlimxandan keçib-gedir.