Əsas məzmuna keç

Qəsidə

Zülməti-heyrətdə zikrindir mənə virdi-zəban

Məhəmməd Füzuli

1

Zülməti-heyrətdə zikrindir mənə virdi-zəban, Tutiyəm guya, yemim şəkkər, yerim Hindustan.

Ixtilati-xəlqdən çəkdim təəllüq damənin, Qafi-üzlətdə mənə simurğnisbət aşiyan.

Cifeyi-dünyayə çox meyl etməzsəm kərkəs kimi, Bir hümatəb’əm, qida bəsdir mənə bir üstüxan.

Yüz fəsahət tutiyi-təb’imdə müzmərdir, vəli Kim dutar ayinə kim, izhar edəm razi-nihan.

Sakinəm bir yerdə kim, yox e’tibarım zərrəcə, Rövşəni-rə’yi-visali-himmətim xurşidsan.

Qəsri-qədrü rişteyi-dərkim rəfi’ olmaq nə sud? Çün müsavidir bu qövmə asimanü risiman.

Şahbazi-himmətim hər seydə qılmaz iltifat, Şəhriyari-rif’ətim hər məsnədi qılmaz məkan.

Aləmi-surətdə gər yoxdur şükuhü şövkətim, Aləmi-mə’nidə yox bir mən kimi sahibqiran.

Məsnədarayi-səriri-dövləti baqi mənəm Kim, sözüm zimnində hər iqlimə hökmümdür rəvan.

Dövləti-dünya içün çəkmən səlatin minnətin, Fəqr sultanı mənəm kim, dövlətimdir cavidan.

Bitərəddüd tutmuşam bəhri-təəllüqdən kənar, Bitəkəllüf bulmuşam bihudə qovğadən aman.

Sərbüləndü sərkəşəm ərbabi-ücbü kibrə, leyk Mə’rifət əhlinə gərdi-rahü xaki-asitan.

Bəndəyəm ol mahi-övci-rif’ətü iqbalə kim, Görməmişdir bir ona manənd dövri-asiman.

Müqtədayi-əhli-daniş hamiyi-ərbabi-fəzl, Karfərmayi-zəmiri-pakü təb’i-xürdədan.

Nəzmbəxşi-mülk Cə’fər bəg rövşənrə’y kim, Feyzi-fitridir ona cahü cəlalü izzü şan.

Təb’i-gərdun tui-fərmanına etmiş iftixar, Rəxşi-dövran rayizi-rə’yinə tapşırmış inan.

Diqqəti-əfkari ol qayətdə kim, fikr eyləsə, Hikməti-əşyadə dutmaz daməni-elmin güman.

Müdriki-övsafi rə’yi-saibü təb’i-səlim, Tabe’i-fərmani əqli-pirü bəxti-növcəvan.

Səfvəti-ixlasi ol miqdar kim, qəhr eyləsə, Xatiri-bədxahə qəhrindən xütur etməz ziyan.

Ey şükufi-rif’ətin pirayeyi-gülzari-dəhr, Vey nizami-rə’fətin arayişi-mülki-cəhan!

Bimi-qəhrin xanümani-xəsmə bərqi-xanəsuz, Lütfi-təb’in laləzari-mülkə əbri-dürfəşan.

Sərvəra, sən çeşmeyi-ehsanü bəhri-lütfsən, Təşneyi-şəhdi-vüsalındır Füzuli natəvan.

Ol zamandan kim, məni əxlaqın etmiş mö’təqid, Həq bilir, virdim düayi-dövlətindir hər zaman.

Var ümidim ta mədari-ədldir aləmpənah, Var ümidim ta livayi-fəthdir kişvərsitan,

Olasan iqbalü izzü rif’ətü iclal ilə Kamigirü kamiyabü kamikarü kamiran.

* * *

Lüğət: Zəban – dil; Damən – ətək; Üzlət – yalqız yaşamaq; Aşiyan – yuva; Üstüxan – sümük; Təb – qızdırma; Müzmər – gizli; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Razi – dil – ürək sirri; Rövşən – işıqlı, aydın; Qədr – dəyər, qiymət, məziyyət; Sud – fayda; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Baqi – həmişəlik, qalan, daimi; Rəvan – gedən; axan; ruh; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Kənar – qucaq, ağuş; Sərbülənd – başı uca; Gərd – toz; Xaki – tirə – qara torpaq; Mahi – taban – parlaq ay; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Manənd – oxşar, oxşatmaq; Əhli – raz – sirr əhli, sirdaş; Daniş – bilik, elm; Zəmir – ürək, könül; Xürdədan – ən kiçik şeylərə diqqət edən; Gərdun – dönən; fələk; dünya; Övsafi – lətafət – gözəlliyin tərifi P; Dəhr – zaman, dünya, aləm; Arayiş – zinət, bəzək; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Bərq – şimşək; Xanə – ev; Laləzar – laləlik, çəmən; Əbri – neysan – neysan buludu; Sərvər – başçı; Çeşmeyi – həyat – dirilik bulağı, həyat bulağı, abi-həyat; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Şəhd – saf bal; Natəvan – gücsüz, zəif

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.