Əsas məzmuna keç

Heca şeiri

Zor iş

Zəlimxan Yaqub

1

Bütün ağrıların adını bildim, Bütün dərmanların dadını bildim, Bütün insanları süzdüm, ələdim, Doğmasını bildim, yadını bildim, İnsanla danışmaq zor imiş, Allah!

Dərdin dənizində üzdüm, yaşadım, Bütün bəlalara dözdüm, yaşadım, Bütün ağrıları canıma çəkdim, Ağrıya-ağrıya gəzdim, yaşadım, Ağrıyla yaşamaq zor imiş, Allah!

Qovuşdum aylara, çatdım illərə, Gəmitək yan aldım gen sahillərə, Ağlım açar saldı bağlı dillərə, Hamıyla dil tapdım, dindim, danışdım, Səninlə dil tapa bilmədim, Allah! Hamıyla dil tapıb danışmaq olar, Səninlə danışmaq zor imiş, Allah!

2012 Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.