Əsas məzmuna keç

Qoşma

Ziyarətin qəbul olsun, insan oğlu

Zəlimxan Yaqub

2

Bir od axdı ürəyimdən dodağıma, Sətir-sətir sözlər düşdü varağıma. Pıçıltılı bir səs gəldi qulağıma, Ziyarətin qəbul olsun, insan oğlu!

Bu səfərdə şərəf, zəhmət, yorulmaq var, Bir inama min inamla vurulmaq var. Bu səs dedi çalxalanıb durulmaq var, Ziyarətin qəbul olsun, insan oğlu!

Niyyət elə, arzuların seç xasını, Təmiz saxla qəlbin, ruhun aynasını. Duyğuların sil tozunu, aç pasını, Ziyarətin qəbul olsun, insan oğlu!

Məzar-məzar xatırladın ölənləri, Səndən əvvəl bu dünyaya gələnləri. Sən də aşdın Kərəm aşan bələnləri, Ziyarətin qəbul olsun, insan oğlu!

Bu Qars oldu, bu Qağızman, bu Ərdahan, Bu Konyadı – Mövlanası nurlu cahan. Dolmabağça – qızıl tağlı bir asiman, Ziyarətin qəbul olsun, insan oğlu!

Sadiq olub haqdan enib gələn əmrə, Dadaloğlu, Qaracoğlan, Yunus Əmrə. Nurun yağsın neçə qəlbə, neçə ömrə, Ziyarətin qəbul olsun, insan oğlu!

Heyran qaldım bu sevgiyə, bu heyrətə, Dağ baş əyər dağdan ağır məhəbbətə, Sən özün də çevrilərsən ziyarətə, Ziyarətin qəbul olsun, insan oğlu!

Bir qaydadı, baxan görər, gəzən tapar, Eşqin gücü birnəfəsə dağlar çapar. Yoluna göz dikənlərə işıq apar, Ziyarətin qəbul olsun, insan oğlu!

Ömür keçər, bir qırpımdı, bircə andı, Mən bilirəm səni çəkən ruhdu, qandı. Mən ocağam, sənin adın Zəlimxandı, Ziyarətin qəbul olsun, insan oğlu!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.