Əsas məzmuna keç

Qəsidə

«ZİYA» QƏZETİNƏ — İlahi, bu «Ziya» afaq ara güntək ziyalənsin

Seyid Əzim Şirvani

2

İlahi, bu «Ziya» afaq ara güntək ziyalənsin! Ziyai-tələtindən dideyi-aləm cilalənsin! Ona bani olan Hacı Səidin kövkəbi-bəxti Səadət mətləindən zahir olsun, incilalənsin, İlahi, aləm içrə canişini-mülki-Qafqazın, Ədalət məsnədində yüz min il ömrü bəqalənsin. Qəzet bir hüdhüdi-ziba, qəzetxanlar Süleymandır, Yetib Bülqeysi-mənayə gərək onlar Səbalənsin. Qəzetdir peyki-ruhani ki, söylər sirri-pünhani, Nə lazım peyki-həqq künci-xəfadə ixtifalənsin. Bu kari-xeyrə kim, bir paktiynət eyləyib iqdam, Gərək millət qıla himmət ki, ta mətləb ədalənsin. Məsəldir söyləyib aqil ki, tək əldən səda çıxmaz, Gərəkdir əl-ələ vermək ki, ta ol əl sədalənsin. Çıxan dəm ceybi-qeybi-məşriqi-lareybdən ol əl, Yədi-Musa kimi ecaz üçün beyzanümalənsin. Təəssübdən uzaq olmaz, ianət vəqtidir, canım, Bilib əhvali-afaqı gərək millət səfalənsin. Həqiqət, yaxşı söz hər kəsdən olsa yaxşıdır, billah, Təəssüb əhli bu rəmzi-hədisə iktifalənsin. «Və la-tənzür ila mən qalə»yə qılsın nəzər hasid – Ki, ta «Vənzur ila məqalə»dən çeşmi ziyalənsin. Məhəbbət töxmin ək sinəndə, ta versin səmər rahət, Fəzilət nəxlinə rəşk etmə, qoy nəşvü nümalənsin. Miləl beynində bir rəftar qıl qanuni-hikmətlə – Ki, ta biganələr görsün kəmalın, aşinalənsin. İlahi, bu qəzetdən şad eylə əhli-afaqı, Zəri-məskuki-dövləttək rəvacında rəvalənsin. Ziyası çün onun xurşidi-bürci-Rusiyətdəndir, Onun təhtəş-şüaində qalıb «Əxtər» sühalənsin. Qəzet təbində məzun eyləyib bir əhli-idraki – Ki, ta pəndin görüb əhli-məarif iqtidalənsin. Bu işlər dövləti-Rusiyyənin ədlilə naşidir, Xudavəndə, bu dövlət günbəgündən etilalənsin. O şahənşahi-adil, imperaturi-müəzzəm kim, Hümayi-səltənətdir zillinə dəhr ilticalənsin. Bizə bu izndən bihəd fəvaidlər ki, hasildir, Yetişməz intəhayə gər yazam dəhr intəhalənsin. İlahi, seyyidin qıl bu düasın sən icabət kim, «Ziya» güntək ziyalənsin, cahanə müncəlalənsin!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.