«ZİYA» QƏZETİNƏ — Ey «Ziya», ey ziyayi-çeşmi-cahan
Ey «Ziya», ey ziyayi-çeşmi-cahan! Ey olan afitabtək rəxşan! Ey «Ziya», ey bəridi-əhli-kəmal, Nəşri-əxbər üçün açan pərü bal. Hüdhüdi-nüktəsənci-badi-səba. Qasidi-xoş-nəsimi-baği-vəfa. Ey «Ziya», ey bəridi-ruhani, Kaşifi-rəmzhayi-pünhani, Ey səvadın səvadi-dideyi-hur – Ki, savadındı çeşmi-aləmə nur. Ey olan nəfi aləmə calib, Sənə əhli-kəmaldır talib. Ey olan rəşki-tələti-əxtər, Sənə söylər bəsirət əhli-nəzər. Yetə hər vəqt söz həqiqətdir, Hər sözün bir kitabi-hikmətdir. Hər bəyanın misali-dövri-qədəh, Yetirir zövq ilə qülubə fərəh. Ey verən vəcdü zövq Qafqazə, Səndədir hər xəbər ki, var tazə, Bu «Ziya» rövşən etdi İranı. Ey olan əhli-mərifət canı. Şüərayi-Şəmaxiyü Şirvan Səndən eylərlər iltica, ey can! Edəsən ərz ol nikunamə, Həzrəti-pak şeyxülislamə – Ki, əya pişvayi-əhli-kəmal, Mədəni-feyz, mənbəi-əfzal, Ey təvarixi-dəhrdən müxbər, Sənə tarix əhli xidmətgər. Yazdığın nükteyi-dilaralər, Bikr məzmunü bikr mənalər Bu duagulərə olub vasil, Oldu yüz faidə bizə hasil. Qismi-əhdi-əşər bəyan oldu, Dili-əhbab şadman oldu. Budur ümmid kim, o mövladən, Bir qədər kəşf edə bu mənadən. Verə təfsil rəmzi-icmalə, Gətirə zövq əhlini halə. Ola lütfü mürəbbiyi-şüəra, Eyləyə tazədən bizi ehya. Şad olub mümtərü mücövhərdən, Edə vaqif bizi bu cövhərdən. Oldu məlum rəmzi-«Müstəfta», Sirri-məbsutü nəqli-müstəsna. Həm müsərrəh rümuzu oldu sərih, Həm mürəssə bəyanı çıxdı səhih, Həm mürəttəbdə kəşf olub tərtib, Həm mütəvvəcdə oldu vəcd nəsib. Feyz alıb qibleyi-müqabilədən, Həm müzəlləldə nüktə oldu Həsən. Cəbri-nöqsanda hasil oldu kəmal, Mərhəba, ey sipehri-məcdü cəlal. Xeyli dəmdən bu feyzə rağib idik, Bir əziz ustadə talib idik. Gərçi bir parə bişüurə bu hal Eyləməz ləzzət, ey cahani-kəmal. Çünki nadanda yoxdu zövqi-ülum, Olmayıb kəşf o qövmə bir məlum: Xəlq əvam olduğuçün, ey mövla, Etməz elmin təriqətinə vəfa. Elmdir neməti-xudayi-cahan – Kim, edib həqq onu sizə ehsan. Kimə həqq elm eyləsə əta, Ona xeyri-kəsir edibdir əta. Neməti-paki-rəbbi eylə hədis, Qoy həsəddən ölə bu qövmi-xəbis. O zaman kim, bina olurdu «Ziya», Xatirə gəlmiş idi bu məna – Ki, gərək rəyi-paki-zivəri-Şeyx, Xatiri-atiri-münəvvəri-Şeyx, Verə müsvəddeyi-«Ziya»yə ziya, Sayəgüstər ola o bali-hüma. Şükrlillah ki, hasil oldu məram, Seyyida, şükr qıl bu halə müdam!