Əsas məzmuna keç

Məsnəvi

«ZİYA» QƏZETİNƏ — Ey verən səfheyi-«Ziya»yə ziya

Seyid Əzim Şirvani

2

Ey verən səfheyi-«Ziya»yə ziya, Ey edən dəhri vadiyi-Sina. Nəfsi-Firon səndən oldu əlil, Eylədin ani qərqi-lücceyi-Nil. Ali-Firon əlində zarü zəlil, Daimi qalmaz ali-İsrail. Hansı Fironi-cəhlü kibrü qürur, Düşməni-əqlü fəhmü huşü şüur Qoymaz aləmdə elm edək hasil, Ta olaq bir məqamə biz vasil? Qurtaraq bu xəyali-vəhşətdən, Oyanaq bircə xabi-qəflətdən. Dolana rahi-rüşdə niyyətimiz, İltiyamın tapa cərahətimiz. Yaralarımızçün axtaraq məlhəm, Özgə növ ilə dövr edə aləm. Oxuyaq biz qəzetlər əhvalın, Ta bilək əhli-aləmin halın – Ki, görək xəlq nə kəmaldədir, Qeyr nə fikir, nə xəyaldədir? Özgələr eyləyib tərəqqiyi-tam, Niyə biz qalmışıq bu növ əvam? Niyə biz bunca bikəmal olduq, Ayaq altında payimal olduq? Bəsdi tədrisi-dərsi-«Gürbəvü muş», «Leyli-Məcnun»ü «Vəsfi-badəfüruş». Demirəm tutma ruzə, eyləmə həcc, Leyk zahir olubdu üsrü hərəc. Demirəm ki, nəmaz batildir, Rədd hər kim deyərsə cahildir. Demirəm, ey əziz, vermə zəkat, Ver zəkat, eylə dəmbədəm xeyrat. Allah ehsanını qəbul eləsin, Tanrı məqsudini hüsul eləsin. Nə səbəbdən zəlilü xar olduq, Ərzəli-xəlqi-ruzigar olduq? Gər özün tapsan, ey vəfa kanı, Sənə qurban bu Seyyidin canı!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.