Zəmanin həftəsinə uyma kim, yetər zərəri
Zəmanin həftəsinə uyma kim, yetər zərəri, Xəzinə zənn eləmə əjdahayi-həftəsəri
Ömür quşu uçar, axşam-səhər qanaddır ona, Boş arzularla saya alma axşamı, səhəri.
Əlində varsa beş-on inci, eyləmə tüğyan, Dənizdə yüz o qədər inci var, nədir bəhəri?
Demə ki, qamımı şirin edər yığanda göhər, Göhər yığanda fələk kamına tökər zəhəri.
Boyun qaçırma təbiət həvadisindən, bil Ki, “sin” hərfinə nöqtə qoyub şər etdi səri.
Qızıl-gümüş sözünü qəlb lövhünə yazma Ki, simüzər xəti ilə tamah yazar xətəri.
Gümüş varınsa, çalış xəlqə faydası yetsin, Nə faydası ağacın, yoxsa şaxının səməri?
Kərəm qapısını aç, ta məqamın olsun uca Ki, fəthədir deyə, xətt üzrə yazdılar zəbəri.
Önündə alçalaraq bir kəsin, xeyir diləmə Ki, kəsrənin bu səbəbdən xət altı oldu yeri.
Nə məqsəd ilə xəsis toplayır zərü simi? Muradə yetmək üçün sərf edərlər simü zəri.
Nəzər təriqi ilə əhli-feyzə salsa nəzər, Məqaminə görə yırtar o sirli pərdələri.
Pis ilə yaxşıdakı fərq, fərqi-zahirdir, Görünməmiş ola mə’yub xilqətin əsəri.
Hünər görüncə eyib tutma kimsədən zinhar, Hünərlisənsə çalış zayil eylə eybləri.
Çalış bu ərseyi-aləmdə bir xeyir iş tut Ki, işlə ölçülər hər işçi müzdünün qədəri.
Bu hərzəliklə sənə çərx mehriban olmaz, Ata necə sevər övladı, olmasa hünəri?
O kəs ki, lovğadır onda hünərdən olmaz əsər, Səda çıxarmı o neydən ki, var onun şəkəri?
O əqlü elmə güvənmə, varınsa idrakın Ki, şöhrət ilə çörəkdir sənə bari, bəhəri.
De, hansı əql işin əslini əyan etmiş? Var hansı alimin əncami-karidən xəbəri?
Ürək sıxıntısıdır əql, qeydinə qalma, Girişmə bəhsinə elmin, böyükdü dərdi-səri.
Məqami-eşqidə axtar, kəmal axtarsan Ki, əqlü elmdən eşqin dəyərlidir göhəri,
Məzaqi-eşq tələb etmə əql əsirindən, Nə anlayır yuxu sərməsti nəş’eyi-səhəri?
Inanma əqlə, elə zənn qılma kim aqil, Ağıl gözüylə görər zər dolu xəzinələri.
O şey ki, əql üçün alidir, eşq üçün dundur, Sən eşqi tut ki, şirin bar verər onun şəcəri.
Məcazi olsa belə, eşqi tərk qılma, məcaz Olub həqiqətə mərdin həmişə rahibəri.
O sərv qəddilərin arizindəki xəttin, Hədisi-feyzi-xudavəndidir ziri, zəbəri.
Gecə kimi kor olar, min gözü olarsa belə, Kimin ki, yoxdu günəş üzlü yari-simbəri.
Sən eşq nəş’əsini abü gildə axtarma, Həqiqətin gözəl üzdür həmişə cilvəgəri.
Bu pərdədə bir oyunbazdan özgə görməzsən, Açarsa bir gün əgər ruzigar pərdələri.
Təriqi-surəti tut, qəsdi-mülki-mə’na et, Güli-həqiqətə məzhər qəbul qıl süvəri.
Nəcəf fərəh gətirən bir səfalı gülşəndir Ki, sinəsinə basıb padişahi-bəhrü bəri.
Itaəti hamıya fərzi heydəri-Səfdər Ki, yox məqamini idrakə kimsənin hünəri.
Onun sifatini insan necə əhatə edər? Qəza, mühakiməsinə verib məlakələri.
Təbiəti həcərül-əsvəd ilə etdi zühur, Həyat çeşməsidir, zülmət eyləmiş həcəri.
Verərsə bir ağaca qədr çeşməsindən su, Olar həmin ağacın asimanda bərgi-təri.
Məhəbbət atəşi şö’lə saçarsa afaqə, Şərəf göyündə hər ulduz olar onun şərəri.
Hümayi-ovci-təmənnasıdır mələk xislət, Şaha baş əyməz o dərgahinin dilənçiləri.
Şərəf sitarəsidir mehrinin ki, əhbabə, Verər uzun gecələrdə nişan işıq səhəri.
Cəhanə bayraği feyzilə kim, verər ziynət, Onunla elmü əməl ordusu çalar zəfəri.
Nəinki kəllə onun hökmünü edir icra, Hanı o baş ki, bu fərmanidən çəkildi geri?
Təəccüb eyləmə rəmzinə xurma danəsinin Ki, nəxli-mö’cüzünün vardı min belə səməri.
O tazə gül ki, qılıb lütf verdi Səlmanə, Bahari-həşrə qədər getməz ətrinin əsəri.
Onunla xəsmi bacarmaz döyüşdə, olsa da şir Ki, döndərib daşa bir nə’rə ilə şiri-nəri.
Ay ilə gün kimi mə’lumdur bütün xəlqə Ki, qaytarıb günəşi qərbdən, bölüb qəməri.
Rəva deyil ki, deyim varlıq asimanində Nəbi günəşdir, ay isə vəliyyi-dadgəri.
Edəndə əzm xuda ərşinə Əli, Cibril Dayandı yolda, onun oldu xaki-rəhgüzəri.
Əli və on bir imam oğlunun məhəbbətidir, Nizama salmış ay ilə ili və həftələri.
Təəccüb etmə, desəm Cəbrail dərbandır, Əli özü qapıdır, şər’i-həq bilik şəhəri.
Nə xoş sipehri-vilayətsən, hər vilayətdə, Günəşlə ay kimi parlar vilayətin göhəri.
Sənin vilayətinin mö’cüzilə hər yerdə, Quruldu şər’i-nəbi mülkünün binövrələri.
Çəkəndə dostlarının bağrına vəfa dağı, Tutar bəla oxuna qarşı dostlar ol sipəri.
Boyun vuran o qılıncın damarsız hər cismin, Fəssad qanını saçmaqda oldu niştəri.
O Zülfüqarin ilə Düldülündə dost, düşmən, Tapar itaətilə imtina nümunələri.
Nicatə doğru sənin Düldülün açıb yollar, Biçib əlinlə sənin zülfüqar Zül-həzəri.
Qılıncın ilə cigərqan olubsa düşmənlər, Ona ədavət üçün varmı bir kəsin cigəri?
Deyil qəribə, könül vermədin bu dünyayə, Nedər sənin kimi şahin bu seydi-müxtəsəri?
Sənin fəzayi-ibudiyyətin o yerdir kim, Həqir sakinidir huriyi-behiştü pəri.
Qapında xidmət elə, bir əziz ne’mətdir Ki, yüz Xəlili edər asitanının nökəri.
Şərəf səfində tapa bilmədi bərabərlik, Qəza ki, eylədi təşkil məhfili-qədəri.
Səba açanda çiçəklər niqabini üzdən, Sataşmadı sənə oxşar gülə onun nəzəri.
Hezar şükr ki, məddahinəm, mənə bu yetər, Bu bir səadət üçün yox sevincimin qədəri.
Mənim bu halıma lütf ilə qıl nəzər, ey şah Ki, kimlər ilə bu işdə yapışmışam kəməri.
Bu yolda ilk qədəmi Katibi atıb, sonra, Onun iziylə nişan verdi Heyrəti-hünəri.
Iki əsər var ikən yazdığım əbəsmi mənim Ki, onların biri üz, astarı olar digəri.
Birindən əskik isə, digərindən artıqdır, Yəqin ki, var o libas içrə nəzmimin dəyəri.
Füzuliyəm, günahım çoxdur, istərəm ki, susam, Bu üzr məncə olardı günahların betəri.
Ümid tək bunadır kim, məni yaman dildən, Mühafizə edəcək mədhinin polad çəpəri.
Həmişə xeyr ilə şərrin ümidi, qorxusu var, Behişti yaxşıya və’d etdilər, pisə səqəri.
Ayırmasın məni həq dərgəhin behiştindən, Behiştə getməyənin bil cəhənnəm oldu yeri.
Təvafi-dərgəhin ilə mənə müyəssər olur Təvafi-Kə’beyi-həq, görmədən uzaq səfəri.
* * *
Lüğət: Təriqi – hüda – hidayət yolu, doğru yol; Əhli – raz – sirr əhli, sirdaş; Fərq – baş; Zinhar – saqın; Bari – giran – ağır yük; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Şəcər – ağac; Yari – can – sədaqətli dost; Simbər – gümüş bədənli; Təriq – yol; Güli – rə’na – qırmızı rəna çiçəyi; Məzhər – bir şeyin zahid olduğu yer; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Əsvəd – qara; Həcəri – mübarək – Kəbədəki müqəddəs qara daş; Qədr – dəyər, qiymət, məziyyət; Bərgi – səmən – yasəmən yarpağı; Atəşi – bim – qorxu odu; Əməl – arzu; iş; Nəxl – xurma ağacı, fidan; Xəsm – düşmən; Qəmər – ay; Nəbi – peyğəmbər; Xaki – tirə – qara torpaq; Sipehr – göy, səma; Qanı – hanı; İmtina – çəkinmək, rədd etmək; Seyd – ov, şikar; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Həqir – etibarsız, aciz; Məhfil – məclis