Əsas məzmuna keç

Qoşma

Zəlimxan nə yazsa, saz dilindədi

Zəlimxan Yaqub

1

Qığılcım ocağın bağrından qopar, Odun məhəbbəti köz dilindədi. Him-cim, kirpikçalma, işarə, eyham, Baxış dilindədi, göz dilindədi.

Kəkliyin dilində daş danışır, daş, Qəmin əsəridi gözümdəki yaş. Bizim dilimizdə nə var ki, qardaş, Nə varsa Tanrının öz dilindədi.

Gözəllər danışır mələk dilində, Mələklər danışır fələk dilində. Yazın hərarəti çiçək dilində, Qışın soyuqluğu buz dilindədi.

Həzin nəğmələri dodaqlar sevər, Nazlı gülüşləri bulaqlar sevər, Qarı nağılını uşaqlar sevər, İlahi sevgilər qız dilindədi.

Yorulmaz köhləni, büdrəməz atı, Ocaqdı, torpaqdı ömrü, həyatı. Zəlimxan nə yazsa – qoşma, bayatı, Zəlimxan nə desə, saz dilindədi.

2003, 1 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.