Zarafatyana
Bəxtinin ulduzu göydə göz vura, Üstünə nur səpən ayın olaydı. İsti bir otaqda keçəydi qışın, Sərin bir yaylaqda yayın olaydı.
Yox yerdən var ola, çaxırın gələ, İlxın, sürün gələ, naxırın gələ. Əvvəlin gəlincə, axırın gələ, Taledən qismətin, payın olaydı.
“Sabah gəl” sözünü biryolluq kəsən, Dağ kimi dayanan, yarpaqtək əsən, Gah sənə dost olan, gah səndən küsən, Cibində qalağın, sayın olaydı.
Zəlimxan, odlarda bişənə kimi, Yüz yerdə atlanıb-düşənə kimi, Yüz qapı dabanı eşənə kimi, Bir ağırtaxtalı dayın olaydı.
1972, 2 sentyabr