Zaman adlı yumruğu var dünyanın
Qış vaxtında budaqlarda bar qalmaz, Əncir nədi, alma nədi, tut nədi? Hünəri var saralmasın payızda, Çiçək nədi, sünbül nədi, ot nədi.
Qoyma ömrü çürütməyə nəm olsun, Nə gözdə yaş, nə könüldə qəm olsun. Torpaq üçün təki yaxşı yem olsun, Sümük nədi, dəri nədi, ət nədi?
Qazi, şəhid, alim, şair, əfəndi, Tuta bilməz nə bərəni, nə bəndi. Hər birinin son qisməti kəfəndi, Varlı nədi, yoxsul nədi, lüt nədi?
Uzun olan quyruğu var dünyanın, Quyruqlara buyruğu var dünyanın. Zaman adlı yumruğu var dünyanın, Qaya nədi, heykəl nədi, büt nədi?