Yuxuda ağ köynək geymişdim, ana
Tez-tez kəndimizdə yuxu görərdim, Yozardım hər şeyi olduğu kimi. Sənin fikirlərin, düşüncələrin Məni duruldardı axar su kimi.
Yuxuda ağ köynək geymişdim, ana, Ağ köynək ağ günün ağ yollarıymış. Köynək üstündəki yaşıl zolaqlar, Qoynunda gəzdiyim dağ yollarıymış.
Yuxuda bir ağ at minmişdim, ana, Gör hara çatdırdı bu ağ at məni. Vaxtında yetirdi mənzil başına, Yollarda qoymadı bu həyat məni.
2001, 12 iyun Vaşinqton