Əsas məzmuna keç

Heca şeiri

Yusifim, Zəlimxanım

Zəlimxan Yaqub

2

Hara gedirəm gedim, harda oluram olum, Gəlib sizdə birləşir izim, cığırım, yolum. Keçmişim, gələcəyim, Bəyim, xaqanım, xanım, – Yusifim, Zəlimxanım!

Dilimdə bayatıdı, dodağımda oxşama, Mən sizdən oxuyuram hey səhərdən axşama. Qana damardan yaxın yer üzündə heç nə yox, Damarda axan qanım, – Yusifim, Zəlimxanım!

Layladan həzin səsim, Baldan şirin həyatım, Məndən sonra dünyada davam edən həyatım. Ruhumun genişliyi, Qəlbim, ciyərim, qanım, – Yusifim, Zəlimxanım!

Biri atamın adı, biri də öz adımdı, Sabaha uçmaq üçün qolumdu, qanadımdı. Açılan xoş sabahım, sökülən qızıl danım, Yusifim, Zəlimxanım!

2008, 18 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.