Yoxdur
Yaman tutub, heç buraxmır yaxamı qəm, Qəmdən ötrü axşam yoxdu, sabah yoxdu. Qasırğalar qucağında tək gəmiyəm, Arxa yoxdu, ümid yoxdu, pənah yoxdu.
Niyə məni gözü yesin, qaralasın, Niyə məni şər gülləsi yaralasın? Qoy haqqımı haqq nahaqdan aralasın, Tanrı varsa, bilsin məndə günah yoxdu.
Düşmənə bax, xəzinəmə əl aparır, Hər gün məni dolu döyür, sel aparır. Gələn məndən qızıl çəkir, ləl aparır, Vallah, məndə dırnaq boyda tamah yoxdu.
Çətinliyim, gərginliyim, əsəbim var, Əsəbimi tarım çəkən əzabım var. Niyə mənim dağlar boyda qəzəbim var, Əllərimdə bir əl boyda silah yoxdu?!
Haqq almırsa əldə qabar, alında tər, Xeyrin üstə qanadını gərirsə şər, Demək, onda yer üzündə bir peyğəmbər, Demək, onda göy üzündə Allah yoxdu!!!