Yoxdu
İlahi, nə yaman günlərə düşdük, Dodaq söykəməyə duru su yoxdu. Göylərə çəkildi saflıq, təmizlik, Daha könüllərin durusu yoxdu.
Oxlar sinəsini dəldi dağların, Başına gör nələr gəldi dağların. Atası, anası öldü dağların, İlxısı, naxırı, sürüsü yoxdu.
Kəsildi, doğrandı əli, ətəyi, İncələr, zəriflər yedi kötəyi. Daha sevgilərin balı, pətəyi, Daha çiçəklərin arısı yoxdu.
Yüz dəfə möhkəm ol, min dəfə mətin, Sular bulananda durulmaq çətin. İblisi çox olan bir məmləkətin, Zöhrəsi, hürüsü, pərisi yoxdu.
Bu dünya cavabsız sualdı daha, Su qan qırmızıdı, su aldı daha. Bütün yer üzünü su aldı daha, Beş addım atmağa qurusu yoxdu.
Kəmfürsət heç baxmır önə, geriyə, Bu başla işimiz çətin yeriyə. Nə ölüyə baxır, nə də diriyə, Elə bil ölüsü, dirisi yoxdu.
Yedilər, içdilər, doydular, babam, Axır yaman günə qoydular, babam. Bu xalqı o qədər soydular, babam, Daha soyulmağa dərisi yoxdu.