Yox, sən o yerlərdə doğulmamısan
Yox, sən o yerlərdə doğulmamısan, Sözündən çiyələk qoxusu gəlmir, Zəhmindən ildırım qoxusu gəlmir. Paxıllıq içini qurd kimi yeyir, Gecələr gözünün yuxusu gəlmir.
Yox, sən o yerlərdə doğulmamısan, Bitmisən ağacda göbələk kimi. Kökün gövdədədir, torpaq görməyib, Dilindən həmişə qeybətlər yağıb, Başın çələng görüb, papaq görməyib. Dağlara qalxanda qalxıb, ucalıb, Palıd vüqarından boy almamısan! Hayana desələr əyiblər səni, Qaya sərtliyindən pay almamısan!
Heç ola bilərmi bulaq görəsən, – Su kimi saflaşıb durulmayasan?! Vurğun təbiətli insanlar görüb, İnsana, həyata vurulmayasan?! İnana bilmirəm qara torpağın Tikanlar, qanqallar bitirməyinə. İnana bilmirəm o gülüstanın Sənintək çayırlar yetirməyinə!
Keçirdin ömrünü mızıltılarla, Kişiyə yaraşan səsin olmadı. Ali vəzifələr eşqinə düşdün, Layiq olduqların bəsin olmadı. Səni öz işlərin, öz əməllərin Yazığa döndərdi, fağır eylədi. Əlin çatmayanda xəyallarına Gileylər dilini yağır eylədi.
Sənin kimilərin sayı çox olsa Dəyməzdi qəpiyə, quruşa dünya. Nankorla, bədxahla əlbəyaxada Qalardı vuruşa-vuruşa dünya. Alçaqlar ucalıb başa çıxanda Kişilik gözlərdən düşə bilərdi. Könül sındırmağı xəbis ürəklər Özünə ən yaxşı peşə bilərdi. Ağsaqqal, ağbirçək geyinib qara Bu ağır söhbətdən batardı yasa. Zirvələr özünü ölmüş bilərdi Qartallar dağlara layiq olmasa!
Orda doğulanın dünyası böyük, Yaxınını tanıyar, yadı tanıyar. Qəlbi isinər də, isindirər də, Ocağa tapınar, odu tanıyar. Bu nə ömür-gündü, bu nə həyatdı, Ellərin içində eldən xəbərsiz. Dilini o qədər dolaşdırmısan, Olmusan axırda dildən xəbərsiz. Səsin bir qulağa çata bilərmi Havadan xəbərsiz, teldən xəbərsiz. Əzilə-əzilə yeriməyin var, Qanadı sallanmış cücələr kimi. Tərlan qıy vuranda qaya titrədi, Sən cik-cik eylədin sərçələr kimi. Hər şeydən şübhəylə danışan oldun, Hər şeydən gileylə danışan oldun. Büzdün dodağını doğma səslərə Qatdın nəfəsini yad nəfəslərə. Sən indi kim oldun yadların yadı, Yersiz əyilmələr, yersiz düşmələr Canında, qanında tutar qoymadı. Orda doğulammaz belə bir insan, Yox, sən o yerlərdə doğulmamısan.