Yoruldu
Həqiqəti gəzə-gəzə yaşadı, Haqq görmədi, haqdan yazan yoruldu. Səsi gedib Yaradana çatmadı, Çiçək ömrü oldu xəzan, yoruldu.
Allahındı hər daş-divar, hər kaha, Qurban gəldik Allah quran dərgaha. Yarımadıq, çox yalvardıq Allaha, Yerdə məscid, göydə əzan yoruldu.
Boynumuzda yerin-göyün minnəti, Başımızda bədxahların töhməti. Yuxularda gördük ancaq cənnəti, Danışmaqdan yuxu yozan yoruldu.
Yatanlara necə deyim qalx, ayıl, Ölümlərə meydan oxu, say, sayıl. Gor eşməkdən yorulmadı Əzrayıl, Yer eşməkdən qəbirqazan yoruldu.
2000, 27 sentyabr