Əsas məzmuna keç

Heca şeiri

Yollar məni ellərin ürəyinə qaytarır

Zəlimxan Yaqub

1

Tanışdı ayağıma daşı da, kəsəyi də, Naxışdı gözlərimə çayı da, çisəyi də. Sığaldı saçlarıma mehi də, küləyi də, Şehinə, çəməninə, çiçəyinə qaytarır, Yollar məni ellərin ürəyinə qaytarır!

Ömrünə sirdaş oldu “Misri”, “Cəngi”, “Heyratı”, Yəhər üstündə keçdi babaların həyatı. Dağ döşündə dil açır yenə “Çobanbayatı”, Sazına, kamanına, tütəyinə qaytarır, Yollar məni ellərin ürəyinə qaytarır!

Üz tuturam həmişə işıq gələn tərəfə, Bu işıqlar içində ömür çatır şərəfə. Bulaqların gözünə qayıdanda hər dəfə Qəlbimin ən uğurlu diləyinə qaytarır, Yollar məni ellərin ürəyinə qaytarır!

Elə bil eşidirəm şəlalənin səsini, Sazım kimi duyuram hər zilini, pəsini. Duyğularım torpaqdan çəkir öz şirəsini, Arısına, balına, pətəyinə qaytarır, Yollar məni ellərin ürəyinə qaytarır!

Yurda pərvanə çoxdur, biri də mən oluram, Dağda çiçək, daşda gül, düzdə çəmən oluram. Vətəni gəzə-gəzə dönüb Vətən oluram! Nemətinə, duzuna, çörəyinə qaytarır, Yollar məni ellərin ürəyinə qaytarır!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.