Yolçusuyam yolların
Yolçusuyam yolların, yormaz yoxuşlar məni, Ruhumda yaz fəslidir, qar deyil, sazaq deyil. Niyyətin haradırsa, mənzilin də oradır, Bu sınanmış həqiqət boş deyil, nahaq deyil.
Yolu uzaq olanlar gecələr yata bilməz, Yata-yata gəzənlər mənzilə çata bilməz. Haqqa qovuşmaq üçün bir addım ata bilməz, Hər kimin başı üstə məsləki bayraq deyil!
Vətənin göylərindən bulud keçir, çən keçir, Axşamlarım kədərli, sabahlarım şən keçir, Yurdumun hər çırağı mənim qəlbimdən keçir, Nursuz qalsın o göz ki, yurd ona çıraq deyil!
Yolçusuyam yolların, hava yolu, su yolu, Başlamışam, sonacan getməliyəm bu yolu. Mənimçün şeirin yolu – müqəddəs arzu yolu, Qırılsın o qələm ki, sirdaşı torpaq deyil!
Şirin-şirin ötən saz, dinən taram dünyada, Nəğməmlə, nəfəsimlə hələ varam dünyada, Baş qaldırıb bircə gün yaşamaram dünyada, Desələr mayası xalq, dayağı torpaq deyil!
Könül, yaxına qoyma nə yamanı, nə bədi, Olsun sevən ürəklər sevənlərin məbədi. Torpağa sevgisiylə əbədidir, əbədi, Zəlimxan bu dünyada beşgünlük qonaq deyil.