Yol vermə, gəmiçi
“Yol ver gəmiçi, yol ver,
qoy qəfləm keçsin.”
“Məsim və Diləfruz”
dastanından
Onsuz da baxıram bağlanıb daha, Yol vermə, gəmiçi, yol vermə mənə. Yetişməz sorağım göydə Allaha, Yol vermə, gəmiçi, yol vermə mənə.
Tanrı uzaqdadı, əl yetməz ona, Yoxdu dövlət quşu, çiynimə qona. Nə bağda bülbül var, nə göldə sona, Yol vermə, gəmiçi, yol vermə mənə.
Gəlsə dərd əlindən cana, fəryada, Zəlimxan sirrini heç verməz yada. Onsuz da çox batıb gəmim dəryada, Yol vermə, gəmiçi, yol vermə mənə.
2007, 18 noyabr