Yol tapmayıram vəslinə yarın məni-nalan
Yol tapmayıram vəslinə yarın məni-nalan, Təkdir, tayı yox hüsndə, canım ona qurban.
Sə’y eyləmədi, istəmədi vəsl əzəldən, Həsrət odu yaxdı məni, zövq aldı o canan.
Vəslindən əlim çıxdı; fəqət himmətin ilə, Tə’qib elədin vəslimi, əl çəkmədin ondan.
Sevdim, diləyim, arzum idi məqsədə çatmaq, Əfsus ki, bu işlər yenə də oldu pərişan.
Artdıqca məhəbbət ürəyimdə, qəmim artdı, Cismimdə tavan qalmadı, qəm eylədi tüğyan.
Aşiqlərin aləmdə işi dərdü bəladır, Kim istəsə az dərd, yetər eşqinə nöqsan.
Ey eşqi bizə mən’ qılan, tə’nədən əl çək, Müşküldür edə müşkül işi sözlərin asan.
Zənn etmə ki, asib yetişər eşqə bəladən, Təbdilinə, təğyirinə yoxdur onun imkan.
Yox misli gözəllikdə mənim dilbərimin kim, Çıxmaz üzə ay, çıxsa üzə ol məhi-taban.
Bədrə şərəfi, şöhrəti bəxş etmiş o dilbər, Bir zərrəcə hüsnündən edibdir Aya ehsan.
Bir ulduza oxşar ki, onun şə’ninə layiq, Göydən yerə nazil edilib ayeyi-Qur’an.
Hüsnün nəyi vardırsa, hamı toplanıb onda, Bir böylə gözəl görməmiş aləm yaranandan.
Kim salsa nəzər ay üzünə, heyrət üzündən, Təkbir ilə təsbihi bilər ol bütə şayan.
Vacibdir ona baş əyə ruhlar, edə tə’zim, Yüksəkdir onun şə’ni, deyil sadə bir insan.
Ruhül-qüdüs olmuş üzünün nuru, yazılmış Xətt ilə onun çöhrəsinə müshəfi-yəzdan.
Atəşdir onun surəti, təşbihə gəlincə, Xal isə Xəlildir ki, xətər görməyir oddan.
Qəddinə tikilmişdir onun hüsn libasi, Qəddi kimi yox dəhrdə bir sərvi-gülüstan.
Bazari məhəbbətdə cəmalini görənlər, Hərracə durublar hamısı əldə tutub can.
Vəslinə onun müştəri oldum uzun illər, Yüzlərlə rəqib çıxdı mənim qarşıma hər an.
Can nəqdini əldə tutaraq, eşqimi açdım, Rədd etdi, dedi: durma, çəkil, get bu bazardan!
Aldatdı, vəfa və’di könlümü aldı, Yox faydası bu və’din, olub yar peşiman.
Gizlində olan hüsnü-cəmali üzə çıxcaq, Naqis görünüb, etdi bizi hali-pərişan.
Hüsnündə, kəmalindəki naqislik olur kim, Aşiqləri bir gözdə görür ol güli-xəndan.
Dünyanı onun eşqinin avazəsi tutmuş, Eşq aləminə təkcə odur bir ulu sultan.
Ey eşqi tutan yer bu sınıq qəlbim evində, Sənsiz bu gülüstanda bitər xari-müğilan.
Sabitqədəməm eşqdə, ölsəm də bu yolda, Aləm deyəcək: öldü, fəqət qılmadı peyman.
Şə’nim ucadırsa, səbəbi sənsən, əzizim, Sənsən başımı lütf ilə əflakə ucaldan.
Mən taleyimi sən kimi cananə inandım, Ol vasitəçi tutsa zəmanə mənə divan.
Bir qul kimi qarşında durub xar Füzuli, Acizdir, ona rəhm elə, qıl dərdinə dərman.
Ey fəxri-bəşər, sən yaşa aləm yaşadıqca, Məqsuduna kamınca yetirsin səni dövran.
* * *
Lüğət: Əlim – bilik sahibi; Asib – bəla, müsibət; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Taban – parlaq; Şayan – layiq, münasib; Yəzdan – Allah; Dəhr – zaman, dünya, aləm; Can – ruh, bədən; Müştəri – Saturn ulduzu; Güli – rə’na – qırmızı rəna çiçəyi; Xəndan – gülən; açılmış; Peyman – əhd, söz; Xar – çox möhkəm daş, mərmər daşı