Əsas məzmuna keç

Heca şeiri

Yol

Zəlimxan Yaqub

2

Danışırsan yaxşı danış, dilindəki təhqir nədir? Hansı yazıq asılacaq, əlindəki kəndir nədir? Yenə kimi yandırırsan, qaladığın təndir nədir? – Tutduğun yol iblis yolu, şər yolu, şeytan yoludur.

Yandıracaq körpüləri, söndürəcək ocaqları, Bayquş səsin, bəd nəfəsin boş qoyaraq otaqları. Hansı dağa ayaq bassan, quruyacaq bulaqları, Getdiyin yol adamlığın yer ilə yeksan yoludur.

Dərvişim ol, aşığım ol, şamanım ol, ozanım ol, Tarixlərə ayna tutub yozumları yozanım ol. Həqiqətdən ilham alıb, cəsarətdən yazanım ol, Yaza bilsən, hər kişinin ömrü bir dastan yoludur.

Könlünü al, yadında qal, dilində bal, sev insanı, Meylini sal, sazını çal, seyrinə dal, sev insanı. Əli halal, dili halal, nəfsi halal, sev insanı, Bu sevgidi, insanlığın insana heyran yoludur.

Yerə tapın, göyə bağlan, dağa-daşa vurul, gedək, İçərini bulandırma, çeşmə kimi durul, gedək. Xəyanətə arxa çevir, məhəbbətə vurul, gedək, Sazdı, sözdü, şeriyyətdi, bu yol Zəlimxan yoludur.

Almaniya, Bilefild, 2004, 11 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.