Yol
Yol getməyi sevirəm, İstər piyada, istər atlı. İstər qanadsız, istər qanadlı. Yol getməyi sevirəm, İstər yoxuş olsun, istər eniş. Harda istəsən dayan, yol uzun, meydan geniş. Yol getməyi sevirəm, Yağış olsun, qar olsun, Ya sərt tufanlı bir qış, Ya güllü bahar olsun. Yol getməyi sevirəm, Dolanmaq istəyirəm dolayların başına. Dincəlmək istəyəndə Baş qoymaq istəyirəm Mamırlı qayasına, qara, çopur daşına. Yollarda durulmuşam, Yollarda dirilmişəm. Ox kimi atılmışam, Yay kimi gərilmişəm. Yollarda cığır salıb, Yollarda yol olmuşam. Üfüqlərə, göylərə Uzanan qol olmuşam. Yol getmək istəyirəm, Çəni də, çisəyi də, Daşı da, kəsəyi də Əriyə zərrə-zərrə, hopa mənim canıma. Dönə təriqətimə, dinimə, imanıma. İstəmirəm min il yaşayam, Ömrümün üstünə, ömür, Canımın üstə can gələ. Öləndə də yollarda ölmək istəyirəm, Ölüm xəbərim evdən yox, Ruhumun, canımın, Dinimin, imanımın, Əbədi beşiyi, Yollardan gələ!
Bişkək, 2009, iyul