Əsas məzmuna keç

Heca şeiri

Yıxdı bizi

Zəlimxan Yaqub

2

Qarlı dağlar yıxılsa da, biz heç zaman yıxılmazdıq, Acı sözlər, yaman gözlər, yaman dillər yıxdı bizi! Dilimizdə dedi-qodu, gözümüzdə məkrin odu, Didişmələr, deyişmələr, fitnə-fəsad yıxdı bizi!

Qanımıza susayanlar qan saldılar aramıza, Sızlatdılar, göynətdilər, duz basdılar yaramıza. Qaraniyyət olan kəslər danışdılar qaramıza, Üstümüzdən acı-acı əsən yellər yıxdı bizi!

Tor qurdular, məni səndən, səni məndən elədilər, Özümüzü dərdə salıb, özgəni şən elədilər. Dərdimizi qaldırdılar, dağlara tən elədilər, Gözümüzdən könlümüzə axan sellər yıxdı bizi!

Özümüzü atdan salıb yadı ata mindirəndə, Dostumuza əyri baxıb düşmən kimi dindirəndə, Öz müqəddəs odumuzu öz əlimiz söndürəndə, Göyə qalxıb gözümüzə dolan küllər yıxdı bizi!

Xəyanətin min üzü var, bir söz demək olmur ona, Neçə-neçə şəhid ömrü bir gecədə çatdı sona. Otuz yeddi hər il girdi başqa cildə, başqa dona, Bir-birindən ağır gələn qanlı illər yıxdı bizi!

Şah babamız Xətainin zəhmətini zay elədik, Xırdalandıq, özümüzü təpələrə tay elədik. Heykəl kimi oğulları güllələrə pay elədik, Bu gün vurub-yıxdığımız boş heykəllər yıxdı bizi!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.