Əsas məzmuna keç

Qoşma

Yetişməz

Zəlimxan Yaqub

1

Yüz harayla əldən çıxan gəncliyi, O vaxt dönməz, o ərəfə yetişməz. Min tərəfə fikrin gedər, qayıdar, Əli gedib bir tərəfə yetişməz.

Cavanların tayı-tuşu cavanlıq, Şirin ömrün şax duruşu cavanlıq, Başımızın şahlıq quşu cavanlıq, Ömür bir də o tərəfə yetişməz.

Keçər gecə, yavaş-yavaş atar dan, Can üzülər, kəsilərsən tutardan, Uçan durnan ayrılıbsa qatardan, Eşqin gedib səfdən-səfə yetişməz.

Dərdi olan yarasını duzladı, Şaxta vurdu, damar-damar buzladı. Sədəfli saz sızım-sızım sızladı, Əl nə saza, nə sədəfə yetişməz.

Sevgi adlı qibləyə tut üzünü, Nəyin varsa, de, dünyaya sözünü. Ay Zəlimxan, nahaq yorma özünü, Heç bir arzun son hədəfə yetişməz.

2003, 29 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.