Yetimlik dünyada yaman bəladı
Yetimlik dünyada yaman bəladı, Ölən ölüb gedər, sağ yetim qalar. Əlvan çiçəklərin rəngi saralar, Bağbanı öləndə bağ yetim qalar.
Kimi var elə bir canıyanası, Mətləb anlayası, kəlmə qanası. Ellərdi dağların ata-anası, Payızı gələndə dağ yetim qalar.
Qara xal yanağı ağda gözəldir, Bülbülün cəh-cəhi bağda gözəldir. Zəlimxan, şamama tağda gözəldir, Bəhrəsi olmasa, tağ yetim qalar.
1972, 10 oktyabr