Yetimlik
İnsan təkcə atadan, Anadan yetim olmur. Yetimlik sonra gəlir, Binadan yetim olmur.
Sahibi, yiyəsi yox, Yuva yalqız, yurd yetim. Ata-ana tanımaz, Bədən key, manqurt yetim.
Daş canda, boş ürəkdə, Nəğmə yaslı, səs yetim. Sevgilisiz, sevgisiz, Kim varsa, hər kəs yetim.
Qərib kimi yaşasa, İnsan Vətəndə yetim. Allah yiyə durmasa, Allahsız bəndə yetim.
Silahsız qələm yazıq, Qələmsiz silah yetim. Arxası xalq olmasa, Şair bədbəxt, şah yetim.
2004, 30 noyabr