Yetim
Yad əllərdə əsir qalan balam, hey, Atan yetim, anan yetim, sən yetim. Gecə-gündüz taleyinə, bəxtinə, Ağla, yetim, alış, yetim, yan, yetim.
Allah vursun siyasətin oynunu, Əjdahalar yaman açıb qoynunu, Xəcalətlə zaman büküb boynunu, Axşam yetim, səhər yetim, dan yetim.
Körpə kimi yanağından öpülmür, Qədəminə gül-çiçəklər səpilmir, Hələ səni xilas edən tapılmır, Qohum yetim, qeyrət yetim, qan yetim.
Yoxa çıxıb ünümüzü ünləyən, Ha danışım, kimdi məni dinləyən. Yağıların tapdağında inləyən, Tarla yetim, sünbül yetim, dən yetim.
Şir təklənib, çoxu tula-tazıdı, Çox tulalar tulalıqdan razıdı. Xəyanətlər kökümüzü qazıdı, Şöhrət yetim, şərəf yetim, şan yetim.
Qolum çatmır qucum, çatmır, neyləyim? Qu üçün gücüm çatmır, neyləyim? Hücumlara hücum çatmır, neyləyim? Könül yetim, ürək yetim, can yetim.
Ağlamalı günümüzdə gülmüşük, Bu milləti tayfalara bölmüşük. Bizə baxma, diri-diri ölmüşük, Nə yada sal, nə bizləri an, yetim.
Dərd əlində yanasıyam, yanası, Nədir axı bu yanmağın mənası? Ölüb sözün atasıyla anası, Dəftər yetim, qələm yetim, mən yetim.