Yetər
Bu gün bir əcayib gördüm, Təşbehi heyvana yetər; Ariflər, uzaq düşməyin, Nisbəti ilana yetər; Cəsədi qüdrətdəndi, Əməli insana yetər; Hərdən ki nərə çəkir, Sədası ümmana yetər.
Yeddi bağırsağı var, Qarnında aşkar dolanır; Yalnız ki mən demirəm, Onu görən hamı qanır; Əjdahalar, pələnglər Görəndə candan usanır; Başını götürüb qaçır, Hərəsi bir yana yetər.
Dümbünü çəkibdilər Cəsədindən yen ziyada; Adlanıb, isbatlanıb, Hər tərəfə salıb səda; Bəyləri minər gəzər, Heç yana getməz piyada; Nə ayağı yerdədi, Nə səri asmana yetər.
Məqəddindən taam yeyir, Qəyy eyləyir dəhanından; O vaxtında qarşı duran Gərək ki keçsin canından; Üz görməz qardaşına, Xövf eyləməz düşmanından; Hər kimə xişm ilə baxsa, Ölməsə də, cana yetər.
Onun xörəyini deyim, Təşbehi quş yumurtası; Qarnında zikr eyləyir, İnsana yetişir səsi; Dilini ona vuranda Çıxır bir üryan balası; Qanadı yox, quyruğu yox, Uçar, biyabana yetər.
Hər kəsə nəfəsi dəysə, Ölməsə də gedər huşdan; Üç yerindən kəməri var, Qurşayıb zərü gümüşdən; Aşıq Ələsgər deyər, Hər kim baş tapsa bu işdən, Ona bir tərif deyərəm, Gedər Alosmana yetər.