Yeriniz yaman görünür
Bu yol sona varan deyil, Hər yanı duman görünür. Aşırımlar sınağında, Çətin bir zaman görünür.
Gözüm gördü hər həkəti, Tərsinədi hərəkəti. Göyə çıxıb bərəkəti, Nə din, nə iman görünür.
Canımıza canlıq deyil, Nökərlikdi, xanlıq deyil, Dünya qəzəlxanlıq deyil, Nə qəzəl, nə xan görünür.
İsti yurdum-yuvam hanı, Ağır elim, obam hanı. Qan yatırdan babam hanı, Hara baxsan qan görünür.
Pələng ürəkli kişilər, Qaya kürəkli kişilər, Duzlu-çörəkli kişilər, Yeriniz yaman görünür.
2000, 14 fevral