Yeridi
Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kirpik çaxdı, oğrun baxdı, Od saldı, cana, yeridi: Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi. Hanı belə huri, qılman?! Eyləmir dərdimə dərman. Çeşmin yaşı olub ümman, Yaşılbaş sona yeridi. Camalın bənzətdim aya, Əhsən qüdrət verən paya. Endirib salmadı saya Dost mehribana, yeridi. Dedim: qız, getmə, amandı, Ələsgər oduna yandı. Dedi: qocadı, pirandı, Mərdü mərdana yeridi.