Yer kimi şumladım, əkdim ömrümü
Nə yazdım, yaratdım altmış ildə, Nə yazdım, həmişə içimi yazdım, Haqqın qarşısına mərdanə çıxdım, Savabımı yazdım, suçumu yazdım.
Ətəkdən zirvəyə çəkdim ömrümü, Zirvədən dərəyə tökdüm ömrümü, Yer kimi şumladım, əkdim ömrümü, Əkini, səpini, biçini yazdım.
Qızardı səhralar, qumlar içimdə, Əridi piltələr, şamlar içimdə, Nurlandı saraylar, damlar içimdə, Əyləşdim, işimi-gücümü yazdım.
Ağrılar baş-başa gəzdi canımda, Dərd verdi şöhrətim, adım-sanım da. Özüm çörək yedim öz ehsanımda, Qırxımı, yeddimi, üçümü yazdım.
Harda karvan oldum, harda köç oldum, Harda var olmuşdum, harda heç oldum, Harda qurban oldum, harda qoç oldum, Qurbanımı yazdım, qoçumu yazdım.
Alışdım içimdən çölümə qədər, Gördüm mükafatdan zülümə qədər. Hər şey hesablandı ölümə qədər, Karvanımı yazdım, köçümü yazdım.
Ömrüm çiçəklərdən bal çəkən arı, Döndü kitablara könlümün barı. Qaralda-qaralda ağ varaqları, Bu yolda ağaran saçımı yazdım.
2010, 21 mart