Əsas məzmuna keç

Heca şeiri

Yenidən vuruldum Azərbaycana

Zəlimxan Yaqub

1
Vətən və qürbət mövzuları min illərdi yazılır, nə vətənin, nə qürbətin sözü-söhbəti, şeiri-şeiriyyəti tükənmir ki, tükənmir. Görəsən bu tükənməzlik nəylə bağlıdı. Çörəkdimi, sudumu, havadımı, torpaqdımı, beşikdimi, məzardımı? Unudulmaz görüşdümü, əbədi ayrılıqdımı, nisgildimi, göz yaşıdımı? Deyəsən bu saysız sualların cavabı ancaq o bir sirri-Xudanın işidir. Axı, mən sürgünə getməmişəm, qürbətin zindanında yatmamışam, zorla kimsə məcbur edib göndərməyib, əksinə, böyük bir ölkənin dəvətilə bu ölkəyə gəzməyə, görməyə, duymağa, geniş mənada, tanış olmağa gəlmişik. Ölkə böyük, gəzməli, görməli yerləri çox, gördüyümüz təzadlı mənzərələri bir-birindən maraqlı. Çox qəribə duyğudur. Bir səfərdə bir qitədən başqasına keçəsən, həm Sakit okeanın, həm Atlantik okeanın sularına baş vurasan, körfəzlərə tamaşa edəsən, yenə də vətən üçün darıxasan. Bu nə möcüzədir. 23 günlük səfər bizim üçün 23 il qədər uzun görünürdü. Vətəndə min dəfə gördüyün insanları, ocaqları, dağları, daşları yenidən dərk edir, yenidən görmək eşqiylə yanıb yaxılırsan. Qürbət sənə vətən sözünü bütün çalarları və genişliyi ilə yenidən göstərir, hər şeyi xəyalında yenidən canlandırır. Sözün kəsəsi... 23 gün ərzində dilimizdə ikicə söz bitib göyərmişdi: Vətən! Vətən! Vətən! Azərbaycan! Azərbaycan! Azərbaycan!

Can ruhda, ruh canda nə gözəl olur, Nur gözdə, od canda nə gözəl olur. Uzaqdan baxanda nə gözəl olur, Bal kimi süzüldüm pətəyə, şana, Yenidən vuruldum Azərbaycana!

Bilir dəyərini doğmanın, yadın, Durur keşiyində ismətin, adın. Kişisi kişidi, qadını qadın, İlahi sevgilər can verir cana, Yenidən vuruldum Azərbaycana!

Qürbətdə nə varsa quru göründü, Vətən saf göründü, duru göründü. Vətəndə gözümün nuru göründü, Axdı məhəbbəti iliyə, qana, Yenidən vuruldum Azərbaycana!

Hər çəmən bərəkət, hər çiçək ocaq, Saf könül bir ürək, saf ürək ocaq. Ağsaqqal and yeri, ağbirçək ocaq, Baxdım göylərində sökülən dana, Yenidən vuruldum Azərbaycana!

Bilməm nə hikmətdi, bilməm nə sirdi, Həsrətdən ürəyim tir-tir əsirdi. Qürbət ayaq altda boz bir həsirdi, Vətən min naxışlı, ilməli xana, Yenidən vuruldum Azərbaycana!

Sızladı, qolumun gücü göynədi, Ruhumun qalası, bürcü göynədi. Göynədi, burnumun ucu göynədi, Ürək coşa-coşa, dil yana-yana, Yenidən vuruldum Azərbaycana!

Bu, torpaq sevgisi, bu, daş sevgisi, Bu, tarix sevgisi, yaddaş sevgisi. Bütün sevgilərin bu, baş sevgisi, Qoyarmı çevriləm qibləmdən yana? Yenidən vuruldum Azərbaycana!

Ruhumu bədənsiz eyləmə, Allah, Ölümü kəfənsiz eyləmə, Allah, Heç kimi vətənsiz eyləmə, Allah. Analar içində müqəddəs ana, Yenidən vuruldum Azərbaycana! Yenidən vuruldum Azərbaycana!

2001, iyun Amerika

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.