Yenə qıldı səba gülzarə də’vət bülbüli-zari
Yenə qıldı səba gülzarə də’vət bülbüli-zari, Yenə qümri məqam etdi fəzayi-səhni-gülzari.
Yenə düşdü həvadən səbzəzarə qətreyi-şəbnəm, Yenə gülzarə saldı zilli-rəhmət əbri-azari.
Yenə divaneyi-eşq eylədi darüşşəfa meylin, Yenə gülzarə çıxdı guşeyi-möhnət giriftari.
Yerindən dəprədən mən mübtəlayi şövqi-qalibdir, Havadır gəzdirən yerdən-yerə səbri-giranbari.
Bu işrətgahın itmamında bir daş olmasa əskik, Məni yerdən-yerə nəql eyləməzdi dəhr me’mari.
Qədi-xəm birlə təhrikim yerimdən məhzi-hikmətdir, Qəza surətgəri bihudə gəzdirməz bu pərgari.
Məkan təğyiri sihhət mövcibidir, nola nəql etsə Təbibi-hikməti-Həq mülkdən mülkə bu bimari.
Mənə mən olduğum mənzildə rahət rəhm edib gəlməz, Düşüb zəhmətlərə naçar mən oldum tələbkari.
Həvayi-seyr qıldım irtifai-qədr üçün, zira Yerində hər mətain pəst olur əlbəttə miqdari.
Rəvaci-eşq vermək qəsdinə çıxdım diyarımdan, Hünər zaye’dir ol kişvərdə kim, yoxdur xəridari.
Məhəbbət qılmağa izhar, qürbət ixtiyar etdim, Na çarə, yox bu cinsin olduğum yerlərdə bazari.
Mübarəkdir səvadi-dudi-ahim qanda əzm etsəm, Yaman olmaz səhabın gəzdiyi yerlərdə asari.
Mükərrəmdir sirişkim qanda yer dutsam, bu yüzdən kim, Baharəngiz olur hər qanda kim, seylab olur cari.
Yenə ey bülbüli-biçarə, əyyami-bəhar oldu, Irişdi vəqt kim, bəxt ola əhli-dərd qəm xari.
Gülə gül, açıla nərgis lətafət busitanində, Qopa seylabi-zövq ilə sitəm xaşaki, qəm xari.
Sənə ola müyəssər xəlvəti-vəhdətdə gül vəsli, Nəsib ola mənə paşayi-gülrüxsar didari.
Zəhi paşayi-mülkarayi-dövlətməndü rövşəndil Ki, məqbuli-cəmii-xəlqdir məcmui-ətvari.
Süluki-dilkəşi təyyi-təriqi-istiqamətdə Müxalif dövrdən qılmış peşiman çərxi-qəddari.
Həqiqətdə Ilahin əkbəri-ayati-təqdiri, Şəriətdə Rəsulin ə’zəmi-ə’vanü ənsari.
Zəmanında zəmanə zülmü yox, insafi var etmiş, Ona mənsubdur zülm ilə insafın yoxu, vari.
Fərağət xabgahin bəkləyib bimi-həvadisdən, Olubdur pasibani-mülki millət bəxti-bidari.
Bəhari-gülşəni-dövlət, Əyasi-pakdamən kim, Vücudi hər xələldən pakdır, hər eybdən ari.
Zəhi şəm’i-şəbistani-səxavü lütf kim, olmuş Qamu əhbabəvü ə’dayə rövşən nürivü nari.
Şəha, şəfqətşüara, sənsən ol pakizəsiyrət kim, Sənə hacət degil ehsan üçün dərdi-dil izhari.
Vücudi-bimisalin dövləti-islamə nüsrətdir, Mücərrəd seyti-rəzmin eyləmiş məğlub küffari.
Fəridi-əsrsən, əmma gəzər hər qəlbdə mehrin, Günəş birdir, vəli məqsumdur hər yerdə ənvari.
Fələkdir öylə məhkumun ki, xurşidi qılır hazir, Əgər yarı gecə bəzmində lazim olsa izhari.
Rəvandır öylə fərmanın ki, gər seylabə hökm etsə, Xilafi-təb’i-əsfəldən olur ə’layə rəfkari.
Əgər qılsan inayət vər ihanət ixtiyar etsən, Qılır təbdilə qabil lütfü qəhrin murivü mari.
Zamanın cümleyi-övqatını sübh eyləmiş guya, Çirağilə bulunmaz zülm dövrinin şəbi-tari.
Kəmali-hüsni-əxlaqın bəyan eylər açıldıqca, Səmən məcmuəsi, nəsrin kitabı, qönçə tumari.
Səfayi-təb’inə mümkün olurdu eyləmək nisbət, Bəhar ayinəsində olmasaydı səbzə jəngari.
Təsəvvür eyləmək olmaz sənə manənd bir kamil, Həmana səndə xətm olmuş kəmali-qüdrəti-bari.
Səba vəsfi-rüxün qıldıqda, gül vəsfini söylərkən Tutuldu qönçə nitqi, bülbülün həsr oldu göftari.
Səbati-ədl üçün rövnəq buraxdın mülki-Bağdadə, Bəqayi-gənc üçün, ey Xizr, yapdın köhnə divari.
Bü gün Bağdadda bir kimsə yox kim ona rə’fət yox, Cəmii-mərdümi-Bağdada olmuş rif’ətin sari.
Dutulmuşdu dilim möhnət görüb, hüsni-təkəllümdən, Gətirdi yadıma zövqi-sifatın şövqi-əş’ari.
Məni əndişeyi-hirman təriqi-küfrə salmışdı, Ümidi-lütfü ehsanın belimdən açdı zünnari.
Məmalikpərvəra, yox səndən özgə bir müdəbbir kim, Dəmadəm mətrəhi-lütf edə üşşaqi-diləfgari.
Füzuli bülbüli-gülzari-hüsni-iltifatindir, Bəhar oldu, yenə göftarə təhrik etdi minqari.
Dilər təfsil ilə hali-dilin şərh eyləyə, əmma Nə şərh etsin, sənə mə’lumdur məcmu’i-ətvari.
Qalıbdır guşeyi-üzlətdə, sormaz hiç kim halin, Nə ola bir fəqirin hali kim, olmaya bir yari.
Cəfasın hiç bidil çəkməz ondan qeyri əğyarın, Onunçün qaliba xəlq eyləmişdir Tanrı əğyari.
Ümidim var kim, rəsmi-müqərrər üzrə olduqca Müzəyyən şam zülfiylə ərusi-sübh rüxsari,
Sənə mənsub ola xəlvətsərayi-dəhr təzyini, Səninlə çizginə işrətgəhi-iqbal pərgari.
* * *
Lüğət: Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Zilli – hüma – hüma quşunun, dövlət quşunun kölgəsi; Əbri – neysan – neysan buludu; Giriftar – tutulmuş; Giranbar – ağır yüklü; Dəhr – zaman, dünya, aləm; Xəm – əyri; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; İrtifa – ucalmaq; Qədr – dəyər, qiymət, məziyyət; Kişvər – ölkə, məmləkət; Qürbət – yaxın olmaq L; Səvad – qaralıq; Dudi – dil – ürək tüstüsü, ah; Qanda – harada; Mükərrəm – hörmətli; Sirişk – göz yaşı; Əhli – raz – sirr əhli, sirdaş; Sitəm – zülm – əziyyət; Vəhdət – yalqızlıq, təklik; Gülrüxsar – gülyanaqlı; Didar – üz, camal, görüş; Dilkəş – ürək çəkən; Təriqi – hüda – hidayət yolu, doğru yol; Çərxi – çənbəri – dairəvi səma; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Bimi – duzəx nari-qəm salmış dilisuzanimə – cəhənnəm qorxusu yanar könlümə qəm odu salmışdır; Həvadis – hadisələr; Bidar – zülm, təcavüz; Pakdamən – namuslu, ismətli adam; Ari – boş, çılpaq; Şəbistan – yataq otağı; Rövşən – işıqlı, aydın; Dil – ürək; Seyt – şöhrət; Rəzm – müharibə, dava; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Ənvar – işıqlı, parlaq; Rəvan – gedən; axan; ruh; Xilafi – müddəa – istəyin əksi; Təb – qızdırma; Qabil – qabiliyyətli, ağıllı; Övqat – vaxtlar; Şəbi – tarix – qaranlıq gecə; Hüsni – göftar – söz gözəlliyi X; Manənd – oxşar, oxşatmaq; Bari – giran – ağır yük; Gənc – xəzinə; Mərdümi – insanlıq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Təkəllüm – danışıq; Hirman – məhrumiyyət; Təriq – yol; Zünnar – keşişlərin dini ayin zamanı bellərinə bağladıqları qurşaq; Müdəbbir – tədbir tökən; Üşşaq – aşiqlər; Diləfgar – könlü yaralı; Minqar – dimdik; Üzlət – yalqız yaşamaq; Yari – can – sədaqətli dost; Müqərrər – qərara alınmış; Müzəyyən – zinətli, bəzəkli; Şam – axşam; vilayət adı; Ərus – gəlin; Rüxsar – yanaq S; Təzyin – zinətləndirmək, yaraşıq vermək