Yenə bahar gələr
Bahar hər qarışı gülə döndərər, Qarı gilə-gilə əridər yenə. Kövrəldib yaşını selə döndərər, Çayların üstünə yeridər yenə.
Şimşək qılıncını çəkər dağlara, Daşların üstündə itilər yenə. Külək yamaclara çəkər sığalı, Sellər çəmənləri ütülər yenə.
Çaylar bulaqların görüş yeridir, Öpər, bir-birini qucaqlar yenə. Təbiət məst olar nəğmə səsindən, Sevgidən söz açar dodaqlar yenə.
Günəşin nurunda həyat eşqi var, Əridər şaxtanın buz ürəyini, Sənət də, ilham da gül-çiçək açar, Bahar gətirəndə öz ürəyini.
1972, 9 yanvar