Əsas məzmuna keç

Qəsidə

Yenə aləmdə ədalət necə gör açdı ələm

Məhəmməd Füzuli

1

Yenə aləmdə ədalət necə gör açdı ələm*, Yer üzündən silinib getdi bütün dərdi-sitəm,

Arizumun günəşi çıxdı tərəb ovcindən, Vurdu ğəm zülməti, bax, sübhi-səadətdən dəm.

O zaman yetdi ki, hicranə gülə ruzi-vüsal, Şadlıq afaqi tuta, məhv ola dünyadən qəm.

Bu cahanın işi fitrətdə nizam ilə idi, Lakin etmişdi onu zülm binadən bərhəm.

Ədl bildikdə bunu gəldi xüruşə dərhal, Dedi ki, düşməlidir nəzmə ümuri-aləm.

Ölkəni salmaq üçün qaidəvü qanunə, Əl atıb tutdu sənin damənini ol möhkəm.

Mənbə’i-fəzlü hünər məzhəri-asari-qəbul, Asəfi-saniyi-dərgahi-Süleymani-kərəm.

Nöqteyi-daireyi-dövlətü din Cəfər bəy Ki, o qoymuş belə bir payeyi-ə’layə qədəm.

O əqil sahibinin məsləhəti ilə budur, Bərqərar oldu cahan millətü dinlə bahəm.

O ədalətli vücudun əməli, rəftarı, Etdi qanunları bu ölkədə çox müstəhkəm.

O olan yerdə pozulmaz daha qanun, qayda, Ölkəyə sədr olur şər’ə imami-ə’zəm.

O zaman kim, düzəlir kari tamam, qanunun*, Çəng edər ar neçün olmuş onun qaməti xəm.

Adəmizadədir, amma mələkə bənzəri var. Az verər böylə səmər dəhrdə nəsli-adəm.

Bundan əvvəl kömək etməzdi bu xəlq bir-birinə, Sanki heç bir-birinə xəlq deyildi məhrəm.

Gör necə yüksək olub qədri ki, xəlq ruzi üçün, Qələmindən aparır məhzəri-gərdunə rəqəm.

Ey qılıncdan qələmi dövlət işində bürran, Bu şücaətlə sənə söyləyir əhsən Rüstəm.

Bu səxavət ki, sənin var, yayılıb dünyayə, Bil eşitcək adını öldü həsəddən Hatəm.

Qədrinin mürğü uçub göydə nəşimən saldı, Onu gördükdə qəmin ovçusu tutdu matəm.

Bir davat tək qələmi-xəlqə verirsən ruzi, Düşmənin qəddini lakin eləyirsən də qələm.

Verir iqbal əlinə xaməni dəhrin anası, Edir hər anda səni feyzi-nicatə həmdəm.

Sən verirsən yazığa, bikəsə aləmdə qida, Necə xurma ağacından yedi ruzi Məryəm.

Qələminlə elədi bəhs qılınc, söylədi ki: Sən kimi mən də ümurati nizamə çəkərəm.

Dilə gəldi qələmin, söylədi sus şəmşirə, Sən kədər alətisən, şadlığa alətsə mənəm.

Kimə çatsan ürəyə, canə vurursan neştər, Qoyuram mən isə hər yarəyə dərman, məlhəm.

Əqldən bir də soruşdum qələmin sirrini mən, Dedi: Mənim bilmədiyim şey yoxdur.

Sənsən ol sərvi-xuraman ki, vücud bağında Əkməmişdir belə bir sərvi-xuramani ədəm.

Ölkəni gülşənə döndərdi bu ədlin axir, Edəcək ölkəni bir cənnəti-gülzari-Irəm.

Hər dil ilə danışıb incə fikirlər deyərək, Olmusan hər diləyə, hər ürəyə sən məhrəm.

Sən ki, bir fitnə deyilsən, sənin üstündə fəqət, Bir-birilə vuruşur bax ərəbü türkü əcəm!

Sərvərim, söylə rəvamı belə bir xoş dəmdə, Etməsin çərx mənim qəlbimi şadü xürrəm?

Rumdən bəhr çatır indi Iraqi-Ərəbə, Bəhrdən düşməyir amma bu dodaq üstünə nəm.

Bu Füzuli nə füzulluq eləmiş ki, indi, Ona layiq də görünmür azacıq lütfü kərəm.

Ver ümidim ki, bu dünya dolanıb durduqca, Olmasın xali bu feyzü kərəmindən aləm.

* * *

Lüğət: Sitəm – zülm – əziyyət; Tərəb – şənlik; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Ruzi – həşr – məhşər günü; Afaq – üfüqlər; Damən – ətək; Məzhər – bir şeyin zahid olduğu yer; Əməl – arzu; iş; Qaməti – mövzun – yaraşıqlı boy; Xəm – əyri; Dəhr – zaman, dünya, aləm; Qədr – dəyər, qiymət, məziyyət; Məhzər – şahid; Əhsən – çox gözəl; Mürğ – quş; Ədəm – yoxluq; Dil – ürək; Əcəm – ərəb olmayan; Sərvər – başçı; Xürrəm – şad, sevinc; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Xali – boş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.