Əsas məzmuna keç

Qəsidə

Yenə açıldı gülü qıldı cəhani xürrəm

Məhəmməd Füzuli

1

Yenə açıldı gülü qıldı cəhani xürrəm, Çəmənarayi-vücud oldu güli-baği-ədəm.

Müjdeyi-lalə vü gül verdi məgər badi-bəhar Ki, nisar etdi şükufə ona dinarü dirəm.

Lalə bir rəng ilə kəşf eylədi əsrari-dərun Ki, dili-xakdə qalmadı rümuzi-mübhəm.

Şəm’i-gül verdi çəmən bəzminə bir nurü sürur Ki, çirağ ilə bulunmaz əsəri-zülməti-qəm.

Baddən qönçələrə hamilə oldu gülbün Öylə kim, Isaya Cibril dəmindən Məryəm.

Dəmi-canbəxşini guya yelə vermiş Isa Ki, bulur can təni-əşcar dəmindən hər dəm.

Dəm bu dəmdir, bu dəmi xoş görəgör, ey arif, Anma Isa dəmini, urma keçən dəmdən dəm!

Səbzəxiz oldu həvadən ölülər toprağı, Səbzə hər lövhi-məzarə bu xəti qıldı rəqəm:

Ki, niçün qəflət ilə fövt ola bir mövsim kim, Ola ondan dirilər tək ölülər həm xürrəm.

Xaki-Cəm üzrə çıxıb lalə, dutub camını der Ki: kimin var isə bir camı, bu gün oldur Cəm.

Adəmi istəsə topraqdə, əlbəttə, bulur Bu gün ol feyzi ki, toprağı edibdir Adəm.

Səbzədən jəng əyan eylədi ayineyi-bağ Bəs ki, çəkdi dünü gün şəbnəmi-barandan nəm.

Türfə kim, səbzə ilə rövnəqi-bağ oldu ziyad, Gərçi hər ayinədən jəng səfa eylər kəm.

Bülbülə minnət edib dün der idi badi-bəhar Ki: mənəm vasiteyi-rövnəqi-mülki-aləm.

Dedi bülbül ona: ey əhli-xilaf, eyləmə laf! Bir həya qıl, bu sözü söyləmə, əbsəm, əbsəm!

Sən əgər bilməz isən, cümleyi-afaq bilir Ki, kimindir bu mübarək əsəri-feyzi-qədəm.

Tazə gülzari-vəzarətdə açılmış bir gül, Vermiş afaqə nəsimi-əsəri lütfi-İrəm.

Qılmış ondan bu səfa kəsbini gülzari-vücud, Olmuş onunla bu bünyadi-lətafət möhkəm.

Ol sərəfraz kim, onun kimi bir fərrüx rüx Payeyi-qədrə qədəm basmadı ondan əqdəm.

Ondan aldı əzəmət əmri-vəsarət, guya Hökm üçün şimdi Süleymanə verildi xatəm.

Ona xətm oldu rəhü rəsmi-hökumət, guya Şimdi nəsb oldu bu dərgahə vəziri-ə’zəm.

Hüsni-rə’yilə bu gün hökmə girir divü pəri, Zərbi-tiğilə bu gün fəth olur iqlimi-Əcəm,

Ki, Süleymani-zəman Asəfi etdi nayib, Oldu sərəskəri-Keyxosrovi-dövran Rüstəm.

Ol cavanbəxt ki, icrayi-ədalətdə müdam, Nəsəqi-şər’ilədir əmri-şərifi töv’əm.

Pərtövi-rəhməti-Həq həzrəti-Rüstəm Paşa Səri-ərbabi-səxa, sərvəri-pakizəşiyəm.

Gər səbadən xəbəri-ədlin eşitsə, edəməz Şəm’ pərvanəyə mütləq diri olduqca sitəm.

Mülk nəzminjə əgər hökmünə olsa vaqif, Zülfi-məhbubi həva eyləyə bilməz dərhəm.

E’tidal istəsə ərkani-mizacə ədli, Irişür sihhəti-am ilə ətibbayə ələm.

Feyzi-nüsrət bulur, əlbəttə, cahangirligə Himməti hər kimə xurşidsifət versə ələm.

Səfheyi-namə kimi cəzm dutar hər yerə kim, Kilkvəş çəksə süturi-sipəhi xeylü həşəm.

Rif’əti-qədrini xurşidə sual etdi zəmin, Xaki-dərgahinə yad eylədi xurşid qəsəm

Kim, onun bulmayıb əhvalına bir zərrə vüquf, Qalmışam daireyi-heyrət içində mən həm.

Taəti-Xaliqədir hüsni-risasi dai, Rizqi-məxluqə kəfi bəhri-nəvaliməqsəm.

Bəhrü kan eyləsələr də’viyi-ehsanü səxa, Kərəmü cudini gördükdə olurlar mülzəm.

Qanı ol rütbə ki, cudiylə onun bəhs edə bəhr, Qanı ol hövsələ kim, kan kərəmdən ura dəm.

Hər nə tədric ilə min ildə verə bəhreyi-kan, Hər nə yüz ildə mürur ilə olur hasili-yəm,

Bəzl bir dəmdə edər məclisinə xazini-cud, Sərf bir gündə qılır bəzminə qəssami-kərəm.

Billah ər görmüş olaydı kərəmi-bibədəlin, Onu mö’cüz sanıb iymanə gəlirdi Hatəm.

Sərvəra, cümleyi-afaqə yetirmiş ədlin Vüs’ət üzrə əsəri-rabiteyi-xani-niəm.

Nola gər dari-şəfayi-kərəmindən yetsə Bu Füzuliyi-diləfgarinə həm bir mərhəm.

Var ümidim ki, cahan olmaya xali səndən, Necə kim, var nücumü fələkü lövhü qələm,

Şüğli-aləm ola tədbirin ilə rast müdam, Qəddi-gərdun ola pabusin içün daim xəm.

* * *

Lüğət: Xürrəm – şad, sevinc; Güli – rə’na – qırmızı rəna çiçəyi; Ədəm – yoxluq; Şükufə – çiçək; Əsrari – nihan – gizli sirlər; Dili – tirə – qaranlıq könül, tutqun könül; Mübhəm – anlaşılmayan, üstüörtülü; Gülbün – gül budağı; Dəmi – sərd – soyuq ah; Canbəxş – ruh oxşayan; Can – ruh, bədən; Əşcar – ağaclar; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Xaki – tirə – qara torpaq; Baran – yağış; Kəm – az; Əhli – raz – sirr əhli, sirdaş; Xilaf – yalan, tərsinə deyilmiş söz; Laf – yalan söz; mükalimə; Əbsəm – lal ol; Afaq – üfüqlər; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; İrəm – cənnət; Bünyad – özül, əsas; Rüx – üz; Əqdəm – qabaq, qədim; Hüsni – göftar – söz gözəlliyi X; Əcəm – ərəb olmayan; Nəsəq – qanun-qayda; Şərif – şərəfli, mübarək; Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Sərvər – başçı; Sitəm – zülm – əziyyət; Vaqif – xəbərdar; Məhbub – sevgili; Dərhəm – qarma-qarışıq, iztirablı; Namə – məktub; Cəzm – qəti; Xeyl – dəstə, tayfa; Qədr – dəyər, qiymət, məziyyət; Zəmin – asiman – yer-göy; Kəfi – təzərrö’i-dərya dər damənisəhra – dəryanın xahiş əli səhranın ətəyindədir; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; Kan – mədən yeri; Qanı – hanı; Bəzl – bağışlamaq; Cud – səxavət; Bibədəl – əvəzsiz; Dari – bəqa – axirət evi; Xali – boş; Gərdun – dönən; fələk; dünya; Pabus – ayaq öpən; Xəm – əyri

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.