Yenə
Qəlbim varaqlandı bir kitab kimi, Çəkdi xəyalımı uzaqlar yenə. Dağlar deyiləndə doldu gözlərim, Kükrədi sinəmdə bulaqlar yenə.
Aşıq mizrabını tellərə vurdu, Götürdü harayı yaylağı, yurdu. Elə bil gözəllər önümdə durdu, Nəğmələr oxudu dodaqlar yenə.
Payızı yetişdi, barı saraldı, Küləklər yarpağı əlindən aldı. Cavan Zəlimxanı yadına saldı, Hardasa titrədi budaqlar yenə.
1972, 21 may