Yeldağı haqqı
Adını dilimdə and eyləmişəm, Sözünü dilimdə qənd eyləmişəm, Ömrümü ömrünə bənd eyləmişəm. On ilin, yüz ilin söhbəti deyil, Mən onu min ildi bənd eyləmişəm, Mən ondan doymuram, Yeldağı haqqı!
Borçalı ürəkdir, baş Kəpənəkçi, Borçalı tarixdir, daş Kəpənəkçi, Borçalı üzükdü, qaş Kəpənəkçi. Qaşın özünü yox, tozunu belə, Heç kəsə qıymaram, Yeldağı haqqı!
Oduna, közünə, hisinə qurban, Dumanına qurban, sisinə qurban. Yaxşılar qibləmdi, qibləgahımdı, Əgər pisi varsa, pisinə qurban, Şeytana uymaram, Yeldağı haqqı!
Hələ təzə-təzə açılır qatı, Dərindi yaddaşı, xalisdi zatı. Gecəsi nağıldı, axşamı dastan, Sevgisi dilimdə qoşma, bayatı. Onun taleyinə min kitab yazam, Döşümə döymərəm, Yeldağı haqqı!
Getdim Çin səddinə, mənimlə getdi, Peyğəmbər doğulan bir məmləkətə, Məkkə sərhədinə mənimlə getdi. Kəbənin içində adını çəkdim, Ucalıq həddinə mənimlə getdi. Onsuz keçirdiyim vaxtı-vədəni, Ömürdən saymaram, Yeldağı haqqı!
Gül kimi açılmış bənizim olar, Damlası böyüyüb dənizim olar. Qayıdıb Allahın yoluna gələr, Pisi də çevrilib əzizim olar. Kimsə bir daş atıb xətrimə dəysə, Sancaram başına Kəpənəkçinin, Xətrinə dəymərəm, Yeldağı haqqı!
Başını bəladan sovuşdurmamış, Adını adlara yovuşdurmamış. Ucaldıb eşqini, ləyaqətini, Tanrı dərgahına qovuşdurmamış Ölümü, əcəli qoymaram yaxın, Bez-kəfən geymərəm, Yeldağı haqqı! Min il də hüsnünə nəğmələr qoşam, Nurundan, sehrindən, tamaşasından, Doymaram, doymaram, Yeldağı haqqı!
2005, 1 fevral