Əsas məzmuna keç

Bağlama

Yeddidi

Aşıq Ələsgər

1

Məğrurluq eyləyib, ustadam deyən, O hansı ağacdı, tağı yeddidi? O ağacda bir quş yuva salıbdı, Çarpaz sinəsinin dağı yeddidi.

Bir hikmət görmüşəm, xəyalım çaşıb, Huş başımdan gedib, dilim dolaşıb, Şahın qulluğunda bir qul əyləşib, Bədən birdi, əl-ayağı yeddidi.

Bir ali məclisdə var yeddi sağı, Dolanır, dövr edir, yox əl-ayağı, Nə piltəsi vardı, nə də ki yağı, Şölə çəkən şux çırağı yeddidi.

Onun gərdişində bir azca ləng var, Aləmə əyandı, görünür aşkar, Bir kasa içində on beş rəng var, Qarası yeddidi, ağı yeddidi?

Ələsgər, sözlərin de, müttəsildi, Nə oldu, dəhnədən suyu kəsildi? İl uzunu ona bahar fəslidi, O hansı bağbandı, bağı yeddidi?

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.