Əsas məzmuna keç

Məsnəvi

Yeddi cam

Məhəmməd Füzuli

6

Qəflət yuxusundan o zaman kim oyanıb mən, Söz bayrağı qaldırdım uzaq göylərə yerdən. Güldü nəzərimdə mənim hər elm və hikmət, Gəzdim yol alıb sənət ara xeyli imarət. Meyxanə kimi dəbdəbəli, sevgili mənzil, Həm piri-muğan tək üzü xoş mürşidi-kamil. Mən görmədim heç yerdə, şikayətlə dedim: – Dövr Neyçin bu qədər zülm edərək vermədədir cövr? Rəyi bəyənilmiş bir ağıllı, qoca İnsan, Müşkül işimi böylə açıb söylədi: – Ey can, Arzu kələfində vurulan bu düyün, əlbət, Əql üzrə doğub, dövrana, gəl, eyləmə töhmət. Gör əqd fəzasında neçə dürlü xəyal var, Bihudə və boşdur dediyim həm bu xəyallar. Əql ilə ələm, bil ki, əkizdir bu cahanda, Əqlin yoxalırsa, gedəcək ahü fəğan da. Meydən tələb eylə, məzədən istə dəva sən, Gəz badədə axtar həmişə, dərdə şəfa sən. Dövri-qədəh ilə dolanır, bil ki, bu aləm, Gəz dövri-qədəhdən tapasan şadlığı sən həm. Vurma yaralı qəlbinə dağ çərxi-fələkdən, Bu yeddi bağı seyr eləyib mey gülü dər sən. Səyyarələrin seyrinə baxdıqca tutulma, Ver könlünü bu yeddi dənə mey dolu cama! Şadlıq elə daim dolanıb nurlu Günəş tək, Bir həftə qızıl badədə öz zövqünü sən çək. Yekşənbə olunca o qədər iç ki, bu meydən, Ta huşə gəlib yeddicə gün məst olasan sən. Gər badə üçün yoxsa pulun söylə Günəş, Ay, Sındırsın haman qürsünü, versin sənə bir pay. Düşənbəni düşənbəyədək iç bu şərabı, Meydən elə cəm atəşini söndürən abı. Gər lazım isə məclisinə qənd, şəkər, sən Ay qürsünü sındırmağı, gəl, istə fələkdən. Öylə ki, seşənbə günü mey dəydi dodağə,

Dövr etdir onu yeddicə gün salma ayağə. Gər zahid olan etsə sənə zərrə əziyyət, Sərxoş görünən Mərrixə qıl tezcə işarət. Çərşənbə günü, badə ilə üz-üzə gəlsən, Bir həftə onun dövrünü heç yığmagilən sən Qoy könül evi nura batıb həzz ilə dolsun, Qoy məclisinə peyki-Ütarid nədim olsun. Pəncşənbə günü öylə ki, aldın ələ camı, Bir həftə bu növ ilə keçir sübh ilə şamı. Gər məclisinə düşsə sənin başqa xəyallar, Huşyar görünən Bərcisə ver dürlü suallar. Cümə gününü sahibi-dillərlə bərabər, Mey iç gələcək cüməyədək böylə sərasər. Gər məclisinə lazım isə qəlbi açan saz, Et bircə işarətlə gözəl Zöhrəni rəqqas. Şənbə yetişincə o qədər iç ki, bayıl sən. Ta ki, gələcək şənbə günü bir də ayıl sən. Gər bir acıdan şübhələnib qorxuda qalsan, Peyki-Zühəli qapıda xidmətçi qoyarsan. Söz ver o gözəl Saqiyə öz eşqini saçsın, Könlüm üzünə bağlı olan yolları açsın. Alsın bu fəqirin yükünü dərdli dilindən, Qaldırsın ayağə, tutaraq meylə əlindən. Bir mey ki, ağıl mülkü üçün nurlu çıraqdır, Nəinki ağıl, şamü səhər ondan uzaqdır. Bir mey ki, şəriət oxusun onda nizamı, Bir mey ki, şəriət deməsin küfr-həramı. Piri-muğanın eşqi ilə Saqidən, ey can, Mən bağrı yanıq eylə ki, aldım ələ bir cam. Könlüm evi yüksəldi göyə, nəşəyə doldu, Ondan üzümə, mərifətə yol açıq oldu. Bomboş ürəyim oldu mənim sirlər ocağı, Allah kömək olsun sənə, ey sehrli Saqi! Mey vermək ilə qıflı açıb dərdli dilimdən, Sordun ki, sənə gizli qalan sirlər açım mən?! Öylə isə gəl indi məni-aşiqi mey ver, Doldur qədəhi, durma daha peydəri-pey ver.

Ver səbi-məsani adına yeddidə gəl dur, Ver, ver ki, içim, qıyma mənə kasəni doldur.

BİRİNCİ CAMIN KEYFİYYƏTİ

Ey saqi, ey od məclisinin rəhbəri, tacı, Bir odlu su ki, onda olur dərdin əlacı. Ver bol-bol içim, qoyma məni atəşə həsrət, Onsuz da başım dərdli olub, çəkmiş əziyyət. Ver atəşə bənzər o suyun xoş əməlindən Içdikcə sənə gizli qalan sirlər açım mən. Mey ver ki, o xoş ətirlərin üstümə saçsın, Yüz arzu xəzinəm üzümə qapısın açsın. Bir mey ki, onun rəngi qızıl, qırmızı qandır, Bir mey ki, cahan içrə tamam müşkül açandır. Ver, ver mən içim, eylə məni qafil özündən, Qəmli işimi müşkülə salma, fəqirəm mən. Ol gün ki, əzəl camını mən xəstəyə verdin, Açdın dilimi, canlı bir İnsana çevirdin. Gün yetdi, zaman çatdı, ürək, dil səsi gəldi, Qondu başıma cami-əzəl nəşəsi gəldi. Indi gəl otur, dinlə məni, dinlə dərindən, Sirlər qapısın lay-lay açım dinlə, eşit sən!

NEY İLƏ SÖHBƏT

Bir gün oturub başda fərəh, qəlbdə min raz, Meyli ürəyim Neylə məni eylədi dəmsaz. Sordum ona: “Ey qəm elinin taci-qüruri, Neyçin sarısan, anlat o qəlbindəki şuri?! Söylə, de görüm, ah, nə yanıq nalələrin var, Solğun yanağından tökülən jalələrin var!” Ney gizli olan sirrini, bax, böyləcə açdı, Qəlbindəki gövhərləri ətrafına saçdı. Ney söylədi: “Ey halımı məndən soran həmdəm! Ol dəm ki, ədəm idi yerim, bilməz idim qəm. Asudə gəzərdim, nə deyim çərxi-qəzayə,

O öz həsədindən məni qərq etdi bəlayə. Gah tərpənişim yeldən olub, gülmüşəm hər vəqt, Bəzən də ki, atəşlər ilə eylədim ülfət. Bəzən ulu torpaqdan alıb nəşvü nümanı, Bəzən də sudan toplayaraq zövqü səfanı. Sərkəşliyimin bayrağını ərşə ucaltdım, Şadlıqlar içində göyərib, qol-budaq atdım, Tacir kimi tay bağlayaraq şaldan, ipəkdən, Mən sahibi-nemət kimi pul vermədim əldən. Məğrur elədi könlümü bu cahü cəlalım, Qaçdı, çox uzaq qaçdı bütün dərdü məlalım. Birdən bu qəza, çərxi dolanmış nə gətirdi, Aydın günümü qapqara bir şamə yetirdi. Dostlar dəyişib oldu mənə ən qatı düşman, Növrəstə gözəllər çəkilib getdi yanımdan. Əvvəlləri sevdalı küləklər yaman əsdi, Xain çıxarıq qollarımı, qəddimi kəsdi. Dostluq ətəyin toplayaraq çəkdi su məndən, Yüzlərcə zərər verdi o atəş, bunu bil sən. Aldı ürəyimdən bütün aramımı, torpaq, Getməkdə görüb istədi öz varını torpaq. Doldu acılarla ürəyim, söndü, qaraldı, Bax, böyləcə düşdüm, bədənim soldu, saraldı... Ancaq ki, dünən sübh çağı bostanda gəzirkən, Olduqca əcaib halı bir seyr elədim mən. Bir kəndli gəlib ordaca bir meynəni tutdu, Ondan şərab aldı, əvəzində verərək su. Meynə verilən bu suyu aldı və içən tək, Açdı sinəsin, söylədi: – Gəl qənd, şəkər çək! Qurtarmadı heç kəs dəyişən hadisələrdən, Bu çərxi-fələk hər kəsə bir oldu əzəldən, Hər kəs nə verib, itməyəcəkdir, qalacaqdır, Öz verdiyinin bəhrəsini tez alacaqdır. Bu dəhrdə almaq ilə vermək sözü, ey dil, Bir rəsmi-zaman oldu əzəldən bunu sən bil. Ol fikridəyəm ərz-niyaz günləri ruzgar, Versin o şeyi ki, yenə təkrar alacaqlar. Ahənglərim də bu işə yetmək üçündür,

Bu fikrə, bu sevdaya şükür etmək üçündür. Zənn etdiyimin gərçi xilafı ola, ey can! Bihudə və boşdur o qədər qorxmuram ondan. Oddan, qara torpaq ilə həm ab-həvadən, Tapdım iki-üç gün göyərib nəşv-nüma mən, Verdiklərini sonra hamı qapdı apardı, Ancaq mənə o qaldı ki, əslimdə nə vardı. Neyçin saralım mən bu işin dərdü qəmindən?! Dünyaya gəlirkən nə gətirmişdim özüm mən?! Sən də, a Müğənni dilə gəl, könlümü, bir aç, Ney ilə bu ətrafı işıqlandır, alov saç! Çör-çöp kimi yandır məni bu atəşə, yandır! Könlüm evini şam kimi nurlandır, amandır! Qəm vermə Füzuliyə, düyün vurma dilindən, Qaytar o qərarı geri ki, aldın əlindən. Xoş məstlərin halına ki, şamü səhərlər Meyxanələrin küncünü asudə gəzərlər. Hər şeylərini vəqf edərək badəyə candan, Öz əllərini çəkdilər alver yaxasından.

İKİNCİ CAMIN KEYFİYYƏTİ

Ver, Saqi, o Nuhun gəmisi rahəti-canı, Ver ki, məni qərq etdi bu qəm, dərd tufanı. Gül tək saralıb soldu həyatım acı qəmdən, Ver, ver ki, içim bəlkə tapım, Saqi, nicat mən! Ver, Saqi, ver ol zahir edən ism ilə zatı, Ver, ver o ağıl Xizri üçün abi-həyatı. Nəfsilə ölən gözlərimə nur tökülsün, Pəjmürdə düşən qönçələrim bir daha gülsün. Ver, Saqi, ver ol ayna kimi badeyi-canı, Bir badə ki, əks eyləyir o, cümlə cahanı. Ver, ver ki, içim, təşvişimi ta eləyim kəm. Ver, ver ki, görünsün gözümə büsbütün aləm. Agah elədin öylə ki, bu feyzi qədəhdən, Bu badə ilə nəşəmi artır, tamam et sən. İkinci qədəh ilə ürək qüvvət alıb ta İzhar eləsin hər şeyi batində nə varsa.

DƏF İLƏ SÖHBƏT

Mən bir gecə olduqca gözəl bəzm düzəltdim, Şadlıq evini orda qurub bərqərar etdim. Güldürdüm o bəzmi, bəzədim sözlə, kababla, Nur verdim ona badə ilə, şamla, şərabla. Bu dairədə Dəf də durub tüğyan edirdi, Divanəyə bənzər köpürüb tufan edirdi. Sordum ona: “Ey qəddi bükülmüş qoca İnsan! Derlər ki, çıxıbsan hər ötən yaxşı-yamandan. Dostluqlar ilə dopdoludur dostluğun, ey can, Hər bir dəridən sonra da var bir dəri əlan. Vəcd gülşəninin yarpağısan, başqadır halın. Qəm-qüssə əlindən yaranıbdır bu zavalın. Hikmət kitabından yaranan bircə vərəqsən, Elm əhli, deyirlər ki, alır dərsini səndən. Artıq yetişib vəqti bizə göstər ədalər, Gəl ayna kimi dünyanı sən, əks elə, göstər. Incə danışıqla bizə hər sirri bəyan et, Bu fani həyatın açaraq əslini öyrət! Gəl! Gəl ki, Firidunların o şadlıq ilindən, Bu dövrə qalan bir dənəsən, dürdanəsən sən. Sök qəlbini, tök sirləri, et hər şeyi izhar, Söylə, de görək, bir harada qaldı o şahlar?! Noldu o Firidunü Keyin axırı, kamı, Kim saldı o Cəmşidin əlindən dolu camı?! Qəbrin evinə möhtac olub ömr edən onlar, Sülh eylədilər, ya ki, hələ davadadırlar?! Bu firqə içində de görüm qışmı, baharmı, Dostluq çiçəyi qönçələnib, yoxsa ki, xarmı?!” Dəf böylə cəvab verdi sanıb saydığım halə, Ondan sorulan gizli işə, sirli sualə: – Onlar, – dedi, – indi hamı asayişə yardır, Dünyanın işindən çox uzaq, ayrı – kənardır, Nə məmləkət üstündə çəkib dərd, olub xar, Nə heçliyə getməklərinə ağlayır onlar. Nə boş, havayı, bir həvəsə doğru gedirlər, İndi səni öz yanlarına dəvət edirlər.

At boşluğa bu fani cahanı, daha bəsdir, Gəl çəkmə cahan qeydini çox, çünki əbəsdir. Artıq həzər et, rəxnə vurub sök bu həsari, Qoyma gözünü yolda, dağıt tök bu həsari. Bu fani cahan mülkünə göndərdi ki, onlar, Məndən eşidib öyrənəsən çoxlu yalanlar. Bu aləmə bağlı qalasan hər zaman, hər an Alsın səni ağuşinə bu şübhəli dövran... Meyvə gətirən bir ağacı kəsdilər onlar, Bir dairə kəsdi bu ağacdan iti minşar1. Atəşlər içində əridib daşları yeksər Hazırladılar boynum üçün dürlü pərəklər. Dilsiz başı onlar ayırıb öz bədənindən, Soydu dərisin taki bu gün hasil olum mən. Olduqca şərafətli, nəcabətli üç həmdəm, Bir ərrə, bir od, bir də qılıncdan yedilər qəm. Dəf şəklinə düşdüm qurtarıb taki bir axşam, Surətlə, gözəlliklə üzüm aldı bir itmam. Indisə yetən hər avara, hər bir ədəbsiz, Silləylə vurur şamü səhər, həm də səbəbsiz. Bir an bu zamanın olaraq dərdinə qafil, Bir mən tərəfə meyl elə, bari mənə ver dil! Bu xəznə, bu gövhər nə bilirsən ki, neyindir, Hardan düşünürsən ki, o rahətlik içindir. Dəhrin hər olan cövrünü, gəl, at ürəyindən, Öz qəlbinə, həm özgələrə vermə əzab sən. Sən də, a Müğənni, dilə gəl köhnə zamandan, Keçmiş olan-olmazdan elə bir bizə elan. Çərxi-fələyin silləsinin zərbi gücündən, Dəf tək soyulan min dəridən söylə, danış sən. Söylə o Füzuli ki, düşüb dərdə məlaldan, Birdəfəlik öz könlünü çəksin o mahaldan. Xoş ol kəsə ki, camı tutub qəlbinə həmdəm, Bilmir gecə-gündüz nədi, ya ki nədi dərd, qəm. Hər gün mey içib, zövqə batıb, məst düşübdür, Bilmir ki, bu aləm nədi, sərməst düşübdür.

1 Minşar – ərəbcə mişar deməkdir, şerin vəzni xatirinə işlənib.

ÜÇÜNCÜ CAMIN KEYFIYYƏTI

Ey Saqi, əl at badəyə, ol cövhəri-meydən, Bir mey ki, onun arzusunu göylərə yerdən Cəmşidlər aparmış, ver içim, yüksəlim, ey cam, Ver, ver ki, odur, Saqi, könül mülkünə sultan! Ver ki, onu içdikcə olum bir ulu Cəmşid, Bir badə ki, şövq ilə yanır indi də Cəmşid. Ver, sinələri yandıran ol sağəri, Saqi! Ver, gülsün onun şövqü ilə könlüm otağı. Sərxoşluğa, ver, od vuraraq, yandıraraq mən, Atəşkədəlik qapısını çırpım ürəkdən. Gəl, Saqi, o reyhan qoxulu badəni doldur, Bir badə ki, keyfiyyəti-İnsanlığa yoldur. Ver, ver mən içim könlümə min dürlü şəfəq saç, Sirrin qapısın, gəl, üzümə bir də mənim aç! Vermə yaralı qəlbimə bundan belə zillət, Cam ilə, səbu ilə, tez ol, nəşəmi yüksəlt! Ver nitqim açılsın bu gələn cam ilə birdən, İçdikcə sənə təptəzə bir rəmz açım mən.

TAR VƏ ÇƏNG İLƏ SÖHBƏT

Məclis quraraq bir gecə bir eyş sayağı, Nur səpmiş idi hər tərəfə badə çırağı. Içdikcə başım qızdı, ürək zövq ilə doldu, Bir xeyli zaman Tar ilə Çəng həmdəmim oldu. Sordum ona: “Ey zari-zəbun, söylə, nə çarə, Neyçin yenə dağ-daş əridir səndəki nalə?” Tar öz-özünə qovrularaq sirr sapından, Açdı düyünü, söylədi: “Ey həmdəmim İnsan! Nemət verənim vardı mənim, bil ki, əzəllər, Bağlanmış idi qəlbinə qəlbimdəki tellər. Əl vurmuş idim eşqinə, eşqilə yanardım, Ehsan dənizində özümü qərq sanardım, Bu yolda deyildi mənə varlıq sözü heç yar, Lütfilə yarandım, alaraq qəlbimi onlar, Nemətdən uzaq tulladı, başlandı fərağım,

Hicran qəmi oldu mənim ol qəmli çırağım. Düşdüm bir uçuq daş kimi, endim ucalıqdan, Çevrildi vüsal, gündüzüm oldu şəbi-hicran. Çərxin bu işindən olub avarə, yıxıldım, Dəhrin azarından ürəyim yandı, sıxıldım. Dönmüş fələyin qat-qat olan dərdi, bəlasi, Bu növ ilə zar etdi olub qəlbimə asi. Hər yüksəlişin dərdi həyatım boyu, ey dil, Mey tək, məzə tək etdi özümdən məni qafil. Keçmişki cəmiyyət daha heç düşmədi yadə, Əvvəlki həvalər uçaraq getdi də badə. Qəti-nəzər etdim o hala bir daha qəlbən, Sərriştəni bəlkə taparaq bir də tutum mən. Düz-doğruca bir məqsədə sahib olub ondan, Öz məqsədimi hasil edim taki uzaqdan. Lakin bu fərəh, zövq ümidsizliyə yetdi, Faniliyə düşdüm də ömür heçliyə getdi. Yüz xarlıq ilə birisi məni tutdu, apardı, Bu halsa bütün əqlimi, huşumu qopardı. Sandım aparırlar yenə də dərdə, bəlayə, Həsrət qoyacaqlar fərəhə, zövqə, səfayə. Bağlanmış apardı məni mənzilə bu İnsan, Tapşırdı da təliminə bir katibin əlan. Bu, bəxti cavan, qəddi bükük bircə qocaydı, Yaxşıyla yaman görmüş idi, fikri ucaydı. Enmiş görünürdü başı dəhrin əzabından, Fikrində idi öz işinin hər zaman, hər an. Görmüşdü mənim tək başı çox möhnəti-ruzgar, Ruzgarı da daim görünürdü gecə tək tar. Əhvali-qəm əyyamını biz öyrənərəkdən, Təhqiq elədik halımızı xeyli dərindən. Bu söylədiyim şəxs o şəxs idi, o candı Ki, xilqətimin tərpənişi onla yarandı. Bambaşqa olub il uzunu surəti-halı, Arxamca gəzib ta ki, tapa köhnə vüsalı. Bu dövrdə hər bir peşədən qafil olub mən, Sevdim onu ruhən, o da çün sevdi ürəkdən. Tapdım, mənə nemət verən ol İnsanı tapdım,

Axır mənə nemət verən ol bir canı tapdım. Biz xeyli zaman qüssəli səhralara getdik, Şükra ki, yenə bir-birinin vəslinə yetdik. Bihudə, əbəs sanma mənim sözlərim, ey can. Sanma vururam mən sənə dəm, həm də yalandan. Bir də bu fəsad dünyanın ayini əzəldən, Ta axıradək bu cürədir, yaxşı düşün sən. Hal əhlinə məlum olan işdir bu bayaqdan, Ki vəsl sözü daima doğmuş o fəraqdan. Gər zülmi-fələk ayrı salırsa bu da yeydir, Bir gün gələcək onları birləşdirəcəkdir. Sən də, a Müğənni, eləmə qəlbini çox təng, Bas bağrına, bas qəlbinə, bərk tut ki, düşər çəng, Çox qəm yeyirəm, dada yetiş, nəşə ver, hal ver. Hicranımı al tulla, əvəz dadlı vüsal ver! Bir vəsl ilə nakam Füzuliyə fərəh saç, Canlandır ölən zövqünü, puç keyfini bir aç! Xoş, badə içən məst xərabatiyə, hər an, Badə aparıb əqlini, həm huşu başından, Bilmir ki, bu dünyada nədir möhnəti-hicran, Heç bir xəbəri yoxdu vüsal ayrılığından.

DÖRDÜNCÜ CAMIN KEYFİYYƏTİ

Gəl, Saqi, dər ol laləni ver nəşə bağından, Bir lalə ki, könlüm köz olub şövqü dağından. Ver, ver nə qədər sağdı canım, ver, bu çiçəklər Bir gün gələcək qəbrimin üstə bitəcəklər. Gəl, Saqi, ver ol badəni, ol qırmızı rəngi, Bir badə ki, ancaq o silir dildəki jəngi. Ver, ver ki, içim həddən aşan çoxlu qəmim var! Ver ki, bu fəna dəhrdə min bir ələmim var! Ver, Saqi, mərəz məlhəmni, dərdə dəvanı, Təşvişli ürəkçin yaranan yaxşı şəfanı. Ver, ver ki, içim, yandı könül, artdı kədər, qəm, Ver, Saqi ki, təşvişimə yoxdur mənim həmdəm. Artır ki, açılsın sifətim şövqü fərəhlə, Sonra oturub şövqü fərəflə məni dinlə.

Dördüncü gələn zövq ilə ta bülbül olum mən, Qoy sirlərin izharı üçün bir dil olum mən.

UD İLƏ SÖHBƏT

Yüz nəşə ilə bir gecə bir bəzm düzəltdim, Mən bu işi bir hikmət üçün bərqərar etdim. Bir Ud sədası bu zaman qalxdı həvayə, Yandım, tütünüm çıxdı mənim övci-səmayə. Sordum ona: “Ey sirlər ilə eyləyən ülfət! Sirr xəzinəsinin xəznədarı, sahibi-nemət! Söylə, de görüm bir necə şeydir ki, cahanda, Sirr əhli də sənsən, bu hava ilə yanan da! Kimlər sənə öyrətdi bu atəşli nəvanı, Şahlıq ağacım yandı eşitcək bu havanı. Bu söhbəti gəl eylə mənə büsbütün izhar, Bu işlərinin pərdələrində, de, nə sir var. Ki, tazə havalar adına çox diribaşsan?! Candan xəbərin var belə cansız yaşayırkan! Bir parça ağacsan ki, havandır sarı tellər. Bir zərrə qığılcım onu atəşdə kül eylər! Fikrim budu gəl olsa idi dərdli fəğanın, Bu vəqtə kimi qalmaz idi zərrə nişanın, Qafilsən özündən ki, gülür daima halın, Asudədi qəlbin, ürəyin, yoxdu məlalın. Öz dərdini, öz arzun ilə söyləməyirsən, Dindirməsələr heç şeyi izhar eləmirsən”. Mürvətli olan Ud eşidib söylədi: “Ey can, Heç bir xəbərim yoxdu sanıb saydığın haldan. Əzzəl günü ki, hazır olub çıxdım arayə, Ondan bəridir düşdü canım zövqü səfayə. Bu nəşə, bu zövq aldı təmamən məni məndən, Məstlik qapısın sındıraraq çıxdım o gündən. Heç bilmədim onlar mənə axır nələr etdi, Onlar məni neyçün və nədən ötrü düzəltdi. Məndən deyil, əlbət, bu doğan xəstə fəğanlar, Ustadıma sor şadlığımı eyləsin izhar. Bu qəlbi sökən dərdli həzin nəğmələrimçin,

Ustadıma get söylə mənim mərhəba min-min. Təkcə mənə məxsus da deyil nəşəli hallar. Burdan pay umar bəzmdə huşsuz oturanlar. Onlar da gəzir bixəbər öz hali-qəmindən, Öz işlərimin axırını bilmirəm həm mən. Ancaq məni bu dünyada bir təkcə quran var, Yalnız tək onun çalması min nəqş edir izhar. Bu karxanada mən ilə sən alətik, ey dost. Sənətdən uzaq ayrı, kənar xilqətik, ey dost”. Udun ulağın bur, a Müğənni, edib ülfət, Aşkar eləsin taki nədir əsl həqiqət. Bur, bur ki, uca səslə açıb dil bizə bir-bir, Öz zatü sifətini əyan eyləyəcəkdir! Gəl doğruluğu zahir elə indi məcazdan, Zənn etmə Füzuli açacaq sirləri əlan. Xoş ol kəsə ki, şamü səhər məst, düşüb əldən, Piri-muğana oldu mürid can ilə dildən. Sərməstliyindən tuta bilmir yer ayaği, Bilmir ki, piyalə nədi, ya hardadı Saqi.

BEŞİNCİ CAMIN KEYFİYYƏTİ

Ver, Saqi, o Kövsər qarışan mey dolu camdan Ol cam ki, behişt huriləri təşnədir ondan. Ver, Saqi, Əlinin quluyam, eşqə vəfadar, Bu çeşmədən onsuz da mənim cüzi payım var. Ver, Saqi, yetər, durma, Yəmən ləllərindən Ta nuş eləyim, sən də qopar əqlimi məndən! Al, al ki, əql sevdası divanəsər etdi, Al, əqlə olan hacətim artıq boşa getdi. Aşiq ürəyin əldə tutan, ver ki, bu camdır, Ver, ver ki, onun xasiyyəti sirlər açandır. Ver, bihuş olub, ta yıxılım qolların üstə, Ver, bihuş olub, sən də əvəz sirrimi istə. Ol lalə kimi rəngli küpün ağzını dur aç, Bu cam ilə gəl xəstə düşən ruhuma nur saç. Ver ki, bu camın qəlbə yatan nəşələrindən, Sirr xəznəsinin yollarını bir də açım mən.

SETAR İLƏ SÖHBƏT

Bir gün namaz üstündə durub qəlb ilə əlbir, Açmaqda idim sirlərimi Allaha bir-bir. Bəzən ayaq üstündə durub, gah əyilirdim, Gah səcdə qılıb göylərə bəzən çəkilirdim. Birdən bu ibadət ilə sərməst görünən mən, Qalxdıqda setarın səsinə tezcə yerimdən. Ol dəm ürəyimdən yoxalıb qaçdı da saat, Yırtıldı bu səsdən həya pərdəm mənim heyhat! Sordum ona: – Ey, dürlü sədalər verən iblis Kafər kimi gəl olmagilən odlara bais. Neyçin yaranıb tərpənişin qəlbə əziyyət, Yoxsa ki, xəyaldan çəkilib xofi-qiyamət. Şeytan kimi hiylə evinin gövhərisən sən, Min dürlü bəla xəznəsinin gövhərisən sən. Bir tordu sənin qolların üstündəki saplar, Bir tor ki, ömür bağçasının mürğünü ovlar. Yüz yerdən azı öz belini bağlamısan sən, Taət izini ta qapasan dildən, ürəkdən. Hansı sinəni gərçi o gövdən vətən etdi, O sinədən Allaha ibadət yoxa getdi. Bir barmağı ki, öz sinənə cəlb elədin sən, Asudəliyin təsbehini tulladı əldən. Gəl sən də mənim tək elə əndişə bu oddan, Et tövbə ki, qorxan çəkinər öz günahından. Bu dəm dilə gəldi o xəbər sahibi, Tənbur, Üz tutdu əzəl, sonra mənə söylədi: “ Bir dur! Gəl olma, – dedi, – gizli qalan pərdəni yırtan, Vurma üzümə, olsa da eybim, sən, ey İnsan. Bu yolda çox oldu mənə dost, həmnişin, həmdəm, Heç bir kişinin etirazından yemədim qəm. Bu günsə məni tullayaraq rədd eləyirsən, Yoxdursa köməkçin belə də eyləmə gəl sən. Dünyanın işindən xəbərin zərrəcə yoxdur, Xoşbəxt çox isə dünyada bədbəxt də çoxdur. Allahın o ehsan dənizi qüsl məkanı, Bir yer ki, o yer adlanılır əfv divanı.

De, mən tək adamdan oraya tozmu qonar heç?! O yerdə günah qəmləri çəkmək xatadır, keç!” Qafilmisən aya, o kərəm süfrələrindən? “O hər şeyi qavrar”, bunu dərk eylə dərindən. Rəğbət elə Tənbura, Müğənni, gəl ürəkdən, Rəğbət açarilə ona da bir qapı aç sən. Aç bir qapı ki, zahir olub nəşələr ondan, Qəlblər gülərək daim olar gül kimi xəndan. Tərkində Füzuli bulunub qorxmaz əzabdan. Bu hali-büsatdan qoparar nəşələr hər an. Xoş ol kəsə ki, məst oyana qəbr otağından, Bihuş aparıb eyləyələr daxili-niyran. Bu zülm evinin qəmdən acı zülmü, əzabı, Xatırlada əhvalına min qətrə şərabı.

ALTINCI CAMIN KEYFİYYƏTİ

Gəl, Saqi, mənə indisə ver bir iri gövhər, Ver bir iri gövhər ki, odur nəşəyə cövhər. Ver, ver ki, içim ta tutulum feyz ilə şövqə, Alsın məni məndən, tutaraq cismini zövqə. Ver, Saqi, o saf yaqut ilə dopdolu camı, Bir cam ki, tapar cümlə əqil onda nizamı. Ver, ver ki, bu tər ləl ilə ömrüm başa çatsın, Ver ki, saralan çöhrəmi al rənglə qızartsın. Bir mey ki, odur çarə tapan, son verən ahə, Bir mey ki, gəda içsə dönər ən ulu şahə. Ver mayeyi-izzət suyunu, ver ki, yazıq mən Şah zövqünü ta ki ayırım zövqi-gədadən. Ta qəlbimə mey zövq verib gözlərimə nur, Bir cam dəxi lütf elə, qıl məclisi pürşur. Altıncı qədəhdən qonaraq əqlə fərasət, Tapsın ürəyim halını izharə cəsarət.

QANUN İLƏ SÖHBƏT

Bir gün gecə bir məclisimiz vardı ki, ondan, Çox-çox uzağa qaçmış idi, dərd, qəm, hicran. Xoş nəğmələr ilə edərək aləmi məmnun, Bir huri, mələk üzlü çalırdı iri Qanun. Sirr sandığına xeyli onun oxşarı vardı. Qapısını əqil xəznədarı təkcə açardı. Bir lövh ki, basıb yar kimi öz bağrına bir baş, Işlərdi onun sinəsinə nəqşini nəqqaş. Həm bir gəmi ki, vardı içərisində gümüş, zər. Atmış yükünü sahilə coşqun, dəli yellər. Bir dərdli, həzin nəğmə eşitcək durub, ondan Sordum ki, de, ey nazlı mələk, işvəli canan! Eşqin çəmənindən nə gözəl qönçələr üzdün? Bu işvədə oldun bütün aşiqlərə üstün. Heyrətdəyəm, heyrətdəyəm ancaq sənə, çün sən Aşiq adama oxşamayırsan əməlindən. Aşiqlərin əhvalı budur: şamü səhərlər Onlar qəm əlindən acı göz yaşı tökərlər. Qorxaq kimi onlar qəm əlindən gülü xardır, Böyründəsə, yüzlərcə əzab, zülm oxu vardır. Onlar elə bir xəstə ki, yox dərdinə qəmxar, Tapşırdı təbib dəstinə öz canını onlar. Aylar ilə, illər ilə onlar çəkib hicran, Bir başqaca şey görmədilər vəslin adından. Çox-çox ucadır nisbətən aşiqlərə rütbən, Söylə, de görüm, yoxsa məgər ayrıdı şivən?! Cananənin aydın təbinin dilbərisən sən, Daim ona həmağuş olub birgə gəzirsən. Bir yastıq olubdur başına dost üzü hər an, Dostun üzünədir sifətin həm də ki, ey can, Aylı görə bilməm səni heç yar qucağından, Arzun, tələbin çünki çatır büsbütün ondan. Mümkündü səninçün gecə-gündüz yarı sevmək, Dildarın əlindən yapışıb qəlblə öpmək. De hansı səbəb saldı da bu rütbəyə böylə, Bu xəstəyə öz sirrini gəl doğruca söylə! Canana yetişmək yolunun sarbanı ol, gəl,

Mərdanə iş öyrət bizə, dərd dərmanı ol, gəl! Qanun dedi: “Ey mən kimi süst rəyli İnsan, Mən çox demişəm sən sanayıb saydığın haldan, Bunlarla fəqət qalmadı razı mənə dost, yar, Aldanmadı bu hiylələrə, uymadı onlar. Rüsvayçılıq etdim özümü dərdə salıb mən, Məxfi işin üstündə bütün keçdim özümdən. Kim hər nə dedi mən qulaq asdım, qəbul etdim, Baş əydim ona, mən özümü adi qul etdim. Baxdım və göz oldum ki, qılıb dostuna hörmət, Huş əhli edə bəlkə mənə bircə nəsihət. Varkən deməyə məndə ağız, sakit olub mən, Bir kəlmə də söz söyləmədim heç kəsə qəlbən. Gər cismimi kəsdi bir adam çıxmadı qanım, Yüksəlmədi aləmlərə atəşli fəğanım. Əhli-dilə mən bağlayaraq bel, açaraq sər, Axtardım ürəklərdə səadət uzun illər. Bu növ ilə ta canı qəbul eylədi canan, Çatdım böyük ehsanlara, xələtlərə ondan, Öymə özünü, dost sənə ram olsun, amandır, Eşq əhli bu bir qayda ki, rüsvayi-cahandır. Sən də, a Müğənni, oxu, Qanundan al ibrət, Neyçin səni pul böylə əsir etdi, nə hacət?! Aşiqlik hara, pul hara, et bir bunu izhar?! Gəl qorxma pulun yoxluğuna, ağlama zinhar. Sən simü zər ilə görürəm zarsan, a fərsiz, Yansan da Füzuli kimi yan, atəşə zərsiz. Xoş ol kəsə ki, çıxmadı heç bir zaman haldan, Sağər kimi dörd bir tərəfə etmədi cövlan, Bir xılt kimi o, mey küpünün altına yatdı, O xılt kimi daim meyə doğru qədəm atdı.

YEDDİNCİ CAMIN KEYFİYYƏTİ

Gəl, Saqi, ver ol qəndü şəkər zövqlü balı, Bir şey ki, açır qönçə kimi dərdi-vüsalı. Ver, ver mən içim, etmə məni bir daha təlxkam, Təlxkamlıq ilə saxlama cam tək məni sübh-şam.

Saqi, o kəmal ilə dolu nəşə ki vardır, Bir nəşə ki, hal əhlinə, kamillərə yardır. Ver, ver ki, içim, uçsun uzaq dərdü məlalım, Bu cəhdlə artsın daha da əqlü kəmalım. Gəl, Saqi, o yaqut kimi xoş rəngli camdan, Namus şişəsiyçin əzəli bir daş olandan, Ver ki, üzümə zövqü şəfa nəqş eləsin qoy Bu könlümə namus ilə ar bəxş eləsin qoy. Artır daha da məstliyimi ta ki, içib mən, Yeddinci qədəh ilə olum qafil özümdən. Bu nəşə ilə mən keçirib zövqli hallar, Utanmayaraqdan eləyim halımı izhar.

MÜTRÜB İLƏ SÖHBƏT

Bir yerdə idim bir gecə mən, Mütrüb olanda, Bir cənnətə çevrildi mənim məclisim onda. Sordum ona: – Ey, qəlbim açan həmdəmim İnsan, Qaldır göyə min nəşə duyaq bəlkə sazından. Mütrüb eşidib qalxdı, haman sazsız əliylə, Cismiylə, başiylə və o mənalı diliylə, Nitqiylə tutub qollarını bağladı sazın, Kəsdi yolunu, qarşısını saxladı sazın. – Bu rütbə nədir? Sordum ona, söylə bir, ey yar, Bir rütbə ki, zatında tapılmaz dolaşıqlar? Mütrüb dedi: – Ruhani olan feyzdi, feyzim, Nadanlıq olar, qeyrə könül vermə, nə lazım. Qeyri kəsə bu dəhrdə meyl etmə, ey İnsan. Dost sirrini dostun ürəyindən eşit hər an. Öz sirrini açma Neyə, saxla onu pünhan, Çün ağzı açıqdır, danışar hərzəvü hədyan. Dəfdən uzaq ol ki, işi ah ilə fəğandır, Bir sillə ilə hər şeyi dünyayə açandır. Öz sirrin ilə Çəngi dəxi eyləmə məhrəm, Çün kim qulağın bursa açıb söyləyəcək, həm.

Öz sirrini Tənburə də gəl açma ki, səndən, Gəzli işini öyrənəcəkdir sənə düşmən. Qanundan uzaq gəz, ona sirr açma, kənar dur, Izhar eləməkçin çün onun yüz dili vardır. Bu firqə haram oldu bütün xalqa ki, onlar. Dünya bazarında hamı yolbilməz olurlar. Söylə, de görüm, mazidən heç bir xəbərin var, Ki, bir neçə rədd etdi əmanətləri ruzgar?! Çün cansız olanlar tuta bilməzlər əmanət, Ruzgar sənə tapşırdı ki, min dürlü xəyanət, Yad əldən onu qoruyasan ta uzun illər. Bir gün də gəlib səndən ala tapşıran əllər. Hər cansıza gəl sən eləmə sirrini izhar, Qorx ki, bu qəza, çərxi dolanmışda xilaf var! Hikmətlər açan nitqdən heç olma uzaq sən, İnsan bədənində budu can, çünki əzəldən. Huş əhli xəyal etdi ki, guya bu cahanda, Dinməz oturanlar ölü, can var danışanda. Bu dünyada yalnız qalacaqdır quru bir ad, Sən də elə söz söylə ki, daim olasan yad. İş vaxtı sən ol sözləri gəl eylə ki, təkrar, Təkrarı üçün tənə yeyib olmayasan xar. Öylə elə ki, başdan-ayağa sözün, əlbət Aydınlada bilsin bizə min dürlü şəriət. Qəlbində olan dinini gəl eyləmə izhar! Öz sözlərini daima nəql et açıq-aşkar. Hər vaxt, a Müğənni, ki əlin yetdi üsulə. Məclis bəzəyən ol o günü əhli-qəbulə. Qeyrilərin əhvalını vəsf etmə, uzaq qaç, Bir kəlmədə öz halınızı nəql edərək aç. Füzuli kimi mən də qalıb dəhrdə çun lal, Gəlmir hünərim nəql edib aşkar eləyim hal. Xoş ol kəsə hər yerdə mənim tək dolu camdan, Meydən, məzədən söhbət açar daima, hər an. Bir mey, məzə ki, hər kəsə ta ruzi-əzəldən, Keyfiyyəti məlumdur, heç düşmədi əldən.

Lüğət: Qədər – təqdirdə olan şey, tale, qismət; Cövr – zülm, cəfa, ədalətsizlik; Əqd – düyün, bağlama, düyünləmə; kəbin, nikah; Ələm – bayraq; kədər, qəm-qüssə; Peyki – Zühəl – Saturn planeti; Ədəm – yoхluq; Nəşvü – nüma – artıb-böyümək, boy atmaq, inkişaf etmək; Məlal – qəm, qüssə, kədər, yorğunluq, düşkünlük; Növrəstə – yeniyetmə; Niyaz – ehtiyac; хahiş, yalvarış; Xilaf – əks, zidd, yalan; Vəqf – хeyir iş üçün ayrılmış mal və ya başqa bir şey; Abi – heyvan – dirilik suyu; Pəjmürdə – solğun; Badeyi – gülfam – gül rəngli badə (şərab); Kəm – az (farsca), çoх (ərəbcə); Agah – хəbərdar; Bəzm – məclis; Vəcd – şiddətli fərəh, sevinc, cuşa gəlmək; Xar – tikan; zəlil, gözdən düşmüş, təhqir olunmuş; Həzər – qorunmaq, özünü gözləmək; hazır olmaq; İtmam – tamamlamaq J; Sağər – piyalə, cam, şərab içilən qab; Tar – qaranlıq, tel, tük; çalğı aləti; Ehsan – yaхşılıq (etmək), bəхşiş; Vüsal – görüş Y; Zar – sızlayan, ağlayan, inildəyən; Asi – günahkar, üsyan edən, itaət etməyən; Cürə – bir qurtum, bir udum, bir içim Ç; Jəng – cəng, pas K; Mərəz – хəstəlik, naхoşluq; Bəri – kənar, uzaq; boş; Mürğ – quş; Taət – itaət, ibadət; Əndişə – fikir, qayğı; şübhə, təşviş, qorхu; Tənbur – simli çalğı aləti; Qüsl – yumaq, çimdirmək, yuyundurmaq L; Əfv – bağışlamaq, günahından keçmək; Niyran – cəhənnəm; Qətrə – damla, damcı; Aləmi – lahut – İlahiyyat aləmi, qeyb aləmi; Zər – qızıl; Qanı – hanı; Mazi – keçmiş, keçmiş zaman, keçən; Guya – danışan, dilli

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.